Gəncə hadisələri ilə bağlı 59 nəfər həbs olunub — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 04 yan 2019, 21:45
“2018-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılıb. Bu işlər sırasında radikal dindar Yunis Səfərovun iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, həmçinin ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə, mütəşəkkil dəstənin üzvləri olan 18 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmçinin 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan olunub”.

Demokrat.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, hazırda cinayətlərin törədilməsinə aidiyyəti olan bütün şəxslərin və cinayət xarakterli bütün xüsusatların müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir:

“Bundan başqa, Yunis Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top