"Şəffaflıq və korrupsiyaya qarşı mübarizə adı altında aparılan islahatlar sanki deklorativ xarakterdə olur" - CHP sədri ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 02 yan 2019, 11:43

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyevin Demokrat.Az xəbər portalına müsahibəsi:


- 2018-ci il artıq başa çatıb. İlin yekunlarını qiymətləndirməniz nədən ibarətdir?

- Azərbaycan üçün prioritet məsələ nəqliyyat dəhlizinin açılması, TAP, TANAP layihələrinin başa çatdırılması prosesi, İzmirdə qaz emalı zavodunun açılması kimi mühüm hadisələr baş verib. Bu olduqca vacib və əhəmiyyətli hadisələrdir. Azərbaycan qərblə, Türkiyə ilə birlikdə mühüm layihələr həyata keçirib. Ölkəmizdə prezident seçkilərinin vaxtı 6 ay qabağa çəkilib və keçirilib. Bir sözlə, 2018-ci ildə mühüm və əhəmiyyətli hadisələr baş verib. Ancaq ölkə daxilində iqtisadi baxımdan irəliləyiş olmadı. Vaxt vardı Azərbaycan dövlət büdcəsi 24 milyard dollar idi, ancaq indi 12-13 milyard dollardır. 2019-cu il dövlət büdcəmizin gəlirləri 24, xərcləri isə 25 milyard manatdır. Yəni əvvəlki illərlə müqayisədə büdcəmiz təxminən 10 milyard dollar azdır. Fakt ondan ibarətdir ki, ölkə daxilində islahatlar adı altında problemlər ortaya çıxdı. Şəffaflıq və korrupsiyaya qarşı mübarizə adı altında aparılan islahatlar sanki deklorativ xarakterdə oldu. İqtisadi sahədə islahatlar ölkənin maliyyə qurumlarımızın və imkanlarımızın daha güclü vaxtında, devalvasiyadan əvvəl aparılmalı idi, amma bunu edə bilmədik. Düzdür, xaricdə investisiyalar yatırırıq, amma daxildə investisiyalar yatırsaq, daxili istehsalatımızı gücləndirsək və bir çox bazalara çıxışı təmin edə bilsəydik insanlarımız da Rusiya və digər ölkələrə üz tutmaz, daxildə işləyə bilərdi. Biz liberal iqtisadi sistemi fiksal iqtisadi sistemlə əvəz etmişik.
 
Yəni devalvasiya riski artdıqca istehsal xidmətlərinin, neft-qazın qiymətləri artırılır. Qiymətlərin artması da əraq məhsullarına sıçrayır. Həmçinin real şəraiti nəzərə almadan bir çox iri müəssisələrə 20 faiz rentabellik əsasında kameral vergi cərimələr yazılırlar. Məsələn, istənilən şirkəti 20 faiz rentabelli fəaliyyətini göstərə bilirlər. Halbuki idxal-ixrac əməliyyatları keçirilən zaman əlavə dəyər vergisini ödədikdən, nəqliyyat daşınmasını çıxdıqdan sonra malı satanda əlavə dəyər vergisi ödənilirdi. Bu zaman bazarda qiymət artımı baş vermirdi. İndi bazarda başqa proseslər yaşanır. Sahibkarların üzərinə gəlinir. Yeni vergi qanunvericiliyinə uyğun olaraq planı yerinə yetirə bilmirlər. Bir çox ölkələrə neft-qaz ucuz satılır, amma ölkə daxilində gələndə isə qiymətlər bahadır. Üstəlik də ümumi dövriyyədə 20 faizlik rentabellik şərti olduqca narahatedicidir.
 
Təsəvvür edin ki, 36 % vergi, üstəlik 4 % əlavə nəqliyyat xərcləri, 4-5 faiz bunun “şapkası” olsun. Beləcə malın üzərinə 50 faiz və əlavə 4-5 faizdə qazanc vurulur. Sanki məhsulun qiyməti avtomatik 70-100 faiz qalxır. Bu da rentabelliyi aşağı salır. Çünki bazarda faktiki real köçürmə və nağdləşdirmə əməliyyatları çox aşağı səviyyədə qurulub. Qərar çıxarılıb ki, nağdiləşdirmə həyata keçirilsin. Amma hər bir təşkilatın, müəssisənin özünün bankda pulu var, lakin 30 min manatdan artıq pulu bankdan çıxara bilmir. Sanki hamını məcbur olunur ki, nağdı işləsin. Nağdı işləyəndə isə onu əvəzləşdirə bilmirlər. Bu halda da, bazada nə varsa büdcəyə vurulur, lakin real alqı-satqı, mənfəət ortaya çıxmır. Çünki bazara uyğun olaraq malı satmaq, uduzmamaq məsələsi də var. Dolların qiymətinin 1.70 ilə 1.73 arasında oynaması da bir riskdir. Bu kimi problemlər var və hesab edirəm ki, növbəti ildə bu məsələlər nəzərə alınmalıdır. Dövlət müəssisələrinin sifarişi isə müəyyən qrup arasında bölünür. Hesab edirəm ki, ümumi maliyyə amnistiyası verilməlidir. Bu vəsaitlərin xaricə çıxarılmasının da qarşısını ala bilər.
 
Eləcədə effekt verməyən layihələrin icrasına ehtiyac olmamalıdır. Məsələn, kənd təsərrüfatı sahəsində müəyyən layihələr həyata keçirildi, lakin onların böyük əksəriyyəti effekt vermədi. Məncə, bazarın tələb və təklifinə uyğun olaraq stimullaşdırma həyata keçirilməlidir. Əks halda, biz bu yaşadığımızı illəri uduzmuş illər kimi xatırlayacağıq.

- Ancaq Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olaraq qalmaqdan davam edir...

- Bəli, elədir. Ancaq vaxt vardı ki, Cənubi Qafqazda ticarət mərkəzi kimi bizə baxırdılar. Əksər mallar bizim üzərimizdən paylanırdı. İndi bunun qarşısı alınıb. Yəni həm yükdaşımanın, həm də malların bura gətirilərək buradan paylanmasının qarşısı alınıb. Əvvəl nəqliyyat vasitələri belə Azərbaycan üzərindən Orta Asiyaya aparılıb satılırdı. Biz fiksal iqtisadi sistemə keçməklə sanki bunun qarşısını aldıq. Onu demək istəyirəm ki, iqtisadi sferada islahatlar aparılarkən reallıqlar nəzərə alınmalıdır ki, 2019-cu ildə fəsadlarla üzləşməyək. Gələcəyi iqtisadi və siyasi gərginliklə qarşılamayaq. Nəzərə alın ki, bu proseslər, islahatlar şəraitə və cəmiyyətin yaşam şərtlərinə uyğun aparılmalıdır.

- 2018-ci ili Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından itirilmiş il hesab edirsiniz?

- 2018-ci ildə qeyd etmişdim ki, Dağlıq Qarabağla bağlı məxfi danışıqlar gedir. ABŞ kəşfiyyat sistemi Sərqsiyanla Rusiya arasında aparılan danışıqları Paşinyan layihəsi ilə  pozdu. Yəni Ermənistan rəhbərliyinin torpaqları qaytarır, Rusiya qoşunları bölgəyə girir, sosial durum fəlakətli həddədir adı altında orada çevriliş etdilər və danışıqların qarşısını aldılar. Belarus prezidenti Lukaçenkoda müsahibəsində Qarabağla bağlı danışıqlar, 5 rayonun Azərbaycana qaytarılması, Kəlbəcər və Laçının ermənilərin əlində saxlanılması, Dağlıq Qarabağın statusunun sonrakı mərhələdə həlli, buna qədər təmas xəttinə Rusiya və Belarus sülhməramlıların gətirilməsi haqda fikirlər işlətdi. Yəni danışıqların aparıldığı ortaya çıxdı. Mən öncədə demişdim ki,  ABŞ prezidenti Trampın kiber təhlükəsizlik üzrə müşaviri Rudolf Culiani Dağlıq Qarabağa getməsi təsadüfi deyil. İndi bölgədə erməni faktoru Qərbin işinə sanki yarayır. Həm Rusiyanın uzun illər müttəfiqi olan Ermənistanı Rusiyadan uzaqlaşdırırlar, həm də bölgədə erməniləri gücləndirirlər. Qarabağ məsələsinin uzadılması prosesi gedir. Hazırda Ermənistanda keçirilən parlament seçkilərindən sonra vəziyyət dəyişməyib.
 
Daha çox etimad mühitinin yaradılması ideyası gündəmə gəlir. Yəni işğal edilən rayonların bəzilərinin azad edilməsi, tərəflər arasında etimad mühitinin yaradılması, Dağlıq Qarabağın statusunun tanınmasının bir müddət təxirə salınır, qaçqınların mərhələli formada köçirilməsi və s əslində ermənilərin vaxt udmasına hesablanıb. Fakt odur ki, ABŞ-ın Ermənistandakı səfiri açıq elan etdi ki, ermənilər torpaq qaytarmaq niyyətində deyillər, Dağlıq Qarabağın onların əzəli torpağı “olduğuna” inanırlar. Yəni erməni şüuru məsələyə bu cür yanaşır. Vaxt uzanır, sanki Fələstin-İsrail problemini təkrarlayır. Hesab edirəm ki, beynəlxalq danışıqlarda əlimizi gücləndirmək məqsədilə daxildə normal bələdiyyə seçkilər, idarəetmə sistemi haqqında düşünülməli, xalqımızın həmrəyliyi olmalıdır. Ümumiyyətlə Dağlıq Qarabağ probleminin həlli müharibənin Ermənistan ərazisinə keçirilməsindən gedir.

- Siz, hesab edirsiniz ki, münaqişənin həlli müharibədən keçir?

- Bəli, müharibə Ermənistan ərazisinə keçirilmədən Qarabağın həllindən söhbət gedə bilməz. Mehri dəhlizini ələ keçirsək Dağlıq Qarabağ məsələsi bir həftəyə həll olunar. Mən demirəm ki, bunu etmək çox asandır, lakin torpaqlarımızın geri qaytarılması üçün mümkün yolları nəzərdən keçirməliyik. Baxın, Qazaxda Ermənistanla sərhəddə Sərhəd Qoşunlarımızın yerləşdirilməsi, Naxçıvanda Günnüt kəndinin düşməndən azad edilməsi, neytral ərazilərin Azərbaycan ordusunun əlinə keçməsi sanki gedən danışıqların nəticəsidir. Sanki etimad mühiti yaradılır. Qazağın yeddi kəndi işğal altındadır və bunu da nəzərə almalıyıq. Daxildə sanki bir laqeydlik var. Əslində biz Ermənistana nota verməliyik ki, torpaqlarımızdan çəkil, əks halda müharibə olacaq.

- Ancaq münaqişə ilə bağlı ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir...

- Hesab edirəm ki, biz xalq olaraq üzərimizə düşən məsuliyyəti beynəlxalq qurumların üzərinə qoymamalıyıq. Əgər bunu etsək problemimizin üzərinə əlavə problemlər gələcək.
 
İkincisi, potensial baxımdan Ermənistanın 3, Azərbaycanın 10 milyon əhalisi var. Azərbaycan milyonlarla ehtiyat yığa bilər. Azərbaycan iqtisadiyyatı, hərbi texnikası, silahlanması, peşəkar kadrları imkan verir ki, biz bunu edə bilək. Bizdə nə rus, nə də Amerika qorxusu olmamalıdır. Ermənistan artıq Rusiya ilə yollarını ayırır. Fikrimcə, nə qədər ki, qərb Ermənistana girib möhkəmlənməyib biz öz problemimizi həll etməliyik. Biz milli ruhumuzu inkişaf etdirməliyik. Məğlubiyyət, ətalət sindromu ilə irəli getmək olmaz. Biz millət olaraq hamımız həmrəy olmalı, problemimizi dərk etməli, qarşımıza məqsəd qoyaraq onun üzərinə getməyə güc tapmalıyıq.
 
Üçüncüsü, beynəlxalq qurumların, ələlxüsus ATƏT-in Minsk Qrupuna ciddi yanaşmağın tərəfdarı deyiləm. Nəzər alın ki, torpağı işğal edilən bizik, Minsk Qrupuna üzv ölkələrin belə bir problemi yoxdur. Nəhayətdə Rusiyada çeçen münaqişəsi oldu. Bəyəm Rusiya beynəlxalq qurumları bu münaqişə ilə məşğul olmasına imkan verdi? Və ya Türkiyədə kürd problemi mövcuddur. Heç Türkiyə bu problemin həllinə görə, beynəlxalq qurumları mövzuya yaxın buraxdımı? Biz əslində heç Minsk Qrupunu bu məsələyə buraxmalı deyildik. Bu qrup da bu günə qədər effektiv iş aparmayıb. Ondan imtina etmək lazımdır.   
 
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top