“Azərbaycanda işsizlik səviyyəsi Avropada ən aşağı göstəricilərdən biridir” – Baş nazirin müavini

GÜNDƏM 29 dek 2018, 13:37

“Ölkəmizdə dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir, Azərbaycanda sosial dövlət ideyası uğurla reallaşdırılır”.

 

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, insanların sosial rifahının daha da yüksəldilməsi üçün lazım olan tədbirlərin görülməsi, əhalinin gəlirlərinin mütəmadi olaraq artırılması, maaşların, pensiyaların davamlı şəkildə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər kompleks şəkildə Prezident İlham Əliyevin sosial siyasətinin ayrı-ayrı komponentlərini əks etdirir.

 

“Qayğıya ehtiyacı olan bütün vətəndaşların, o cümlədən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin, eləcə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi də dövlətin diqqət mərkəzindədir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Son illərdə bu kateqoriyadan olan minlərlə insan mənzillə və minik avtomobilləri ilə təmin olunublar, eyni zamanda, həmin kateqoriyadan olan insanlara çoxsaylı güzəştlər tətbiq edilir”, – deyə Ə.Əhmədov vurğulayıb.

 

Baş nazirin müavini bildirib ki, əhalinin məşğulluğunun təmin olunması yönündə də məqsədyönlü işlər görülür, həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: “2018-ci il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addım sayılmalıdır. Son 15 ildə 2 milyona yaxın yeni iş yerinin açılması dövlət başçısının bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda Azərbaycanda işsizlik səviyyəsinin Avropa və MDB məkanında ən aşağı göstəricilərdən biri olması da dediklərimə əyani sübut ola bilər.

 

Azərbaycanda həyata keçirilən məqsədyönlü sosial siyasətdən bəhs edərkən səhiyyənin inkişafı istiqamətində reallaşdırılan ardıcıl və səmərəli tədbirləri də xüsusi vurğulamaq lazımdır. Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Bəhs olunan prioritetlərə və qarşıda duran vəzifələrə müvafiq olaraq həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər mühüm nəticələr verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər səhiyyə sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi kimi qeyd edilməlidir”.

 

Ə.Əhmədov əlavə edib ki, bunlarla yanaşı, Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır: “Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Respublikamızda bir sıra sahələr üzrə daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsi isə mühüm əhəmiyyətə malikdir. Görülmüş tədbirlərin davamı kimi əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.

 

Bütövlükdə, Azərbaycan hökuməti əhalinin rifah halının daha da yaxşılaşdırılması, onların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün ardıcıl olaraq məqsədyönlü layihələr, islahat xarakterli tədbirlər həyata keçirməkdədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top