Pənah Hüseyn müxalifət terminindən imtinanı təklif etdi

SİYASƏT 27 dek 2018, 14:29

İsgəndər Həmidovun təşkil etdiyi zirvə toplantısı yeni format olacaq?


Dekabrın 25-də Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü və təşkilatçılığı ilə müxalif siyasi təşkilatların və ictimai-siyasi xadimlərin toplantısının keçirilməsi müzakirə mövzularından biridir.

 

Bu toplantının bundan sonra müxalif qüvvələrin birliyinin yaranması formatı olub-olmayacağı müzakirə edilir.

 

İsgəndər Həmidov bildirib ki, birinci toplantı ümumi birlik üçün kifayət qədər uğurlu keçdi: “Əminəm ki, bundan sonra daha uğurlu olacaq. Çünki bu, xalqın tələbidir və artıq xırda ambisiyaları kənara atıb Azərbaycan xalqının özünün liderliyini qəbul etmək zəruridir. Növbəti toplantımız üçün qərarlar qəbul edilib və bütün qəbul edilən qərarların hamısı bir-bir icra ediləcək. Bir daha deyirəm: birləşmək zəruridir! Özünü müxalif hesab edən hər kəs birləşməlidir.

 

Təqdim edilən bütün təkliflərin hamısı bir-bir nəzərdən keçirilib yekun qərarlar haqqında ictimaiyyətə məlumat veriləcək. Xalq artıq birlik tələb edir. Bunu anlamaq və buna uyğun davranmaq lazımdır. Bunu hər birimiz anlasaq, əlbəttə ki, arzuedilən nəticə də olacaq".

 

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, keçirilən dəyirmi masa son dövrlərin ən diqqətçəkən hadisələrindən biri oldu. Bu baxımdan dəyirmi masanı faydalı hesab etmək olar: “Nəticə də məlumdur, yəni orada razılıq əldə olundu ki, bu tipli format davam eləsin və səslənən təkliflər əsasında müzakirə aparılıb sonrakı fəaliyyət qurulsun, müvafiq sənəd hazırlansın. Yanvar ayında növbəti dəyirmi masa keçiriləcək. Bir sözlə, 25 dekabrda keçirilən tədbir maraqlı siyasi hadisə oldu.

 

Dəyirmi masanın adı “Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” idi.  Bu mövzuda müzakirələr oldu. Bu günə hələ ki bundan danışmaq mümkündür. Burada hansısa bir siyasi birlik, blok, hərəkat yaranmasından danışmaq hələ tezdir. Mən hesab edirəm ki, hazırda bu dəyirmi masa formatı çox əlverişli formatdır və bu şəkildə də yəqin ki, davam etdirilsə, özü bir nəticə olar. Bu, ölkədəki vətənpərvər demokratik qüvvələrin bir müzakirə formatı ola bilər. Hətta burada yerli-yersiz müxalifət sözünü bəlkə heç işlətməyə də ehtiyac yoxdur. Mənim, ümumiyyətlə, müxalifət birliyi anlayışına münasibətim fərqlidir. Müxalifət birliyi deyimi əsas məqsəddən uzaqlaşdırır. Mən, əlbəttə, siyasi müxalifətin birliyini, daha doğrusu, konkret, ideya, hədəf, hərəkətlərdə əməkdaşlığını faydalı hesab edirəm. Lakin vəziyyətdən çıxışın müxalifət birliyindən keçməsini düşünmürəm. Mən haqqında danışdığımız dəyirmi masa formatını məhdudlaşdırıb yenidən müxalifət anlayışı labirintinə salmağı faydalı hesab eləmirəm.

 

Biz son 25 ildə dəfələrlə indi arzu olunan geniş tərkibli birliklər yaratmışıq, təşkilatlarda birləşmişik. Lakin bu birliklər, təşkilatlar həlledici nəticələr üçün yetərli olmayıb və güman etmək ki, bu dəfə başqa cür olacaq, kifayət qədər inandırıcı dəlillər yoxdur".

 

P.Hüseynin fikrincə, məsələnin kökü ondan ibarətdir ki, müxalifət və siyasi partiyalardan ibarət siyasi müxalifət eyni şeylər deyildir. Hətta küll halında siyasi müxalifət müxalifətin hamısı deyil: “Müxalifətin əsas hissəsi bu gün siyasi müxalifətdə-siyasi partiyalardan kənardadır. Əsas vəzifə siyasi müxalifətin-siyasi partiyaların birliyinə nail olmaq yox, siyasi partiyalardan kənar müxalifəti bütövlükdə siyasi müxalifətlə və ya onun bir hissəsi ilə birləşdirməkdir. Siyasi müxalifəti-siyasi partiyaları birləşdirməkdən daha mühüm olanı siyasi partiyalardan kənarda olan müxalifət kütləsini təşkilatlandırıb hərəkətə gətirməkdir. Bunun üçün toparlayıcı və strateji hədəfi göstərən ideyaya, konkret kütləvi hərəkətlərə və hərəkat tipli təşkilatlanmaya ehtiyac var. Modellərdən biri siyasi partiyalarda üzv olmayanlara da açıq olan dəyirmi masalar formasında gerçəkləşdirilə bilər. 25 dekabrdakı toplantı bu yolda başlanğıc ola bilərmi? Birmənalı cavab vermək çətindir. Burada olduqca rəngarəng, bir-biri ilə ziddiyyətli, hətta əks münasibətlərdə olan şəxslər, müxtəlif platformalı təşkilatlar toplanıb. Bu toplantıdakı şəxs və təşkilatlardan dayanıqlı bir sistem yaratmaq olarmı? Olduqca problemli görünür. Buradakıların bir çoxunun, ümumiyyətlə, ikinci dəfə bir stol arxasına oturmağa razı olub-olmadıqları yaxın gələcəkdə bəlli olacaq”.

 

P.Hüseyn bildirdi ki, o, daha böyük hərəkat naminə hətta müxalifət terminindən imtinanı da nəzərdən keçirməyi təklif edir. Belə bir hərəkatın adı Qarabağ və Demokratiya Uğrunda Hərəkat, Demokratik, vətənpərvər qüvvələrin Milli Cəbhəsi və sair ola bilər. (musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top