Yeni Bakı Limanı Əfqanıstandan Azərbaycana gətirilən ilk yükü qəbul etdi - FOTOLAR

HADİSƏ 25 dek 2018, 15:59
Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutu ilə daşınan yüklər ölkə ərazisinə çatıb.

Demokrat.Az xəbər verir ki, Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi ilə ilk yük bu gün Əfqanıstandan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilib.

Bununla bağlı təşkil olunan mərasimdə Əfqanıstan, Türkmənistan və Türkiyənin Azərbaycandakı səfirləri iştirak ediblər.

Bildirilib ki, layihə üzrə gətirilən ilk yükün çəkisi 175 tondur. Yükün birinci partiyasını quru meyvələr və ədviyyatlar təşkil edir.

“Bu, Lapis-Lazuli marşrut xətti ilə Azərbaycana gətirilən ilk yük partiyasıdır. 9 TIR Türkmənistan ərazisindən keçməklə Əfqanıstandan yola salınıb. Gələcəkdə Hindistanın da bu marşruta qoşulması gözlənilir”, - deyə jurnalistlərə məlumat verilib.
Qeyd edək ki, sözügedən yüklər Azərbaycandan Gürcüstana və Avropaya yola salınacaq.

Xatırladaq ki, 2018-ci il dekabrın 13-də Əfqanıstanın qərbindəki Herat əyalətində Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizinin açılışı olub.

Onu da bildirək ki, 2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sözügedən ölkələri birləşdirən Lapis-Lazuli marşrutunun yaradılmasına dair saziş imzalanıb. Saziş tranzit logistikasının və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilib.

Nəzərdə tutulur ki, dəmir yolu xətləri və avtomobil yolları, Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya qədər və Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan isə İstanbula qədər davam edəcək.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top