"Boşanmaların sayı iki dəfə artıb" - Komitə sədri

SOSİAL 25 dek 2018, 13:13

"Son illər ailə institutunun qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərir. Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik".

 

Anews.az azvision.az-a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bir çox ölkələrdə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. "Belə ki, dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artıb, nikahların sayı da bir o qədər azalıb. Və biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır".

 

Komitə sədri qeyd edib ki, bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir.

 

"Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır".

 

Komitə sədrinin hesab edir ki, bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz min nəfəri (9 milyon 900 min) ötüb: "Bu gün Azərbaycanda iki milyon yüz mindən çox ailə vardır. Ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan yüzlərlə uzunömürlü ailələrimiz var. Lakin qeyd etməliyəm ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.

 

Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün "Ailə Psixoloqu" İnstitutunun yaradılması qarşıda dayanan məsələlərdəndir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin gürünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır".

 

H.Hüseynova vurğulayıb ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. "Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz, valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk. Eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün "Ailəlikcə kitabxanaya" layihəsi keçirilir.

 

Bu, həm uşaqlarımızın kitaba, mütailəyə marağını artırır, həm də ailə üzvlərini bir- birinə daha da mehriban edir. Baxmayaraq ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılıb. Lakin bununla yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik".

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top