“Fəhlə bazarlarında toplaşan şəxslər "kölgə iqtisadiyyatı"nın nümayəndələridir”

SOSİAL 21 dek 2018, 11:29

Dövlət Sosial Müdafiə Fondu vergi yayındırılmasından ildə 1,5 milyard manat vəsait itirir.

Demokrat.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bunu Vətəndaşların Hüquqlarının Qorunması və Əmək Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov deyib.

O, gizli iqtisadiyyata rəvac verən amillərdən biri kimi mülki-hüquqi müqavilələrdən bəhs edərək bildirib ki, həmin müqavilə forması qanuni şəkildə vergidən yayınmağa şərait yaradır. Məsələn, müxtəlif idarə və təşkilatlarda çalışan sürücülər faktiki həmin müəssisənin işçisidir, onunla əmək müqaviləsi deyil, mülki-hüquqi müqavilə bağlanılır, onlar faktiki olaraq vergi ödəyicisi hesab edilmirlər. Nəticədə il ərzində yüz milyonlarla vergi və sosial ödənişlər dövlət büdcəsindən kənarda qalır. Hesablamalara görə, təkcə Dövlət Sosial Müdafiə Fondu verginin yayındırılmasından il ərzində 1,5 milyard manat vəsait itirir.

S.Məmmədov qeyd edib ki, əmək bazarında göstərilən xidmətlərin və işlərin meyarları müəyyən edilməlidir:

"Hansı işin muzdlu iş sayıldığı aydın olmalıdır. Məsələn, vergi uçotunda olmayan fiziki şəxslərin böyük qismi müxtəlif yerlərdə fəhlə bazarlarında toplaşaraq öz əməklərini satışa çıxarırlar. Əslində, həmin şəxslər də "kölgə iqtisadiyyatı"nın nümayəndələridir, onları qeyri-leqal əmək bazarından asanlıqla çıxarmaq mümkündür. Vaxtilə məşğulluq mərkəzləri nəzdində birdəfəlik işlər üçün hansısa təşəbbüslər oldu, amma yanaşma düzgün olmadığından bu mexanizm işləmədi. Dövlət həmin şəxslər üçün qanuni şəkildə yarmarka tipli müvafiq yerlər təşkil etməlidir. Öz əməyini təşkil edən vətəndaşlar aylıq patent ödəyərək faktiki olaraq qeydə alına bilərlər".

S.Məmmədov bildirib ki, hazırda əmək bazarında yeni münasibətlərin tənzimlənməsini nəzərdə tutan stimullaşdırıcı addımlar atılır, vergi və sosial sığorta qanunvericiliyinə edilmiş yeni dəyişikliklər motivasiya xarakterli olmaqla işəgötürənlərin işçi ilə əmək müqaviləsi bağlamasını həvəsləndirir. Ancaq bununla yanaşı, Vergilər Nazirliyinə, eləcə də Dövlət Əmək Müfəttişliyinə əmək bazarında sərt nəzarətlə bağlı əlavə səlahiyyətlər verilməlidir, sanksiyalar və cəzalar artırılmalıdır. Hər iki dövlət qurumu öz fəaliyyətlərini güclü koordinasiya əsasında qurmaqla qeyri-rəsmi məşğulluq problemini asan yolla tənzimləyə bilər.(finans.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top