Deputatın 6 villasına görə 50 ev sökülür!? – Elxan Süleymanov çayın məcrasını dəyişdirmək istəyir (FOTO)

SOSİAL 17 dek 2018, 22:40

Redaksiyamıza müraciət edən Göyçay sakini, H.Hacıyev küçəsi ev 31 ünvanında yaşayan Həsənov Seyran Əmirəslan oğlu Milli Məclis üzvü Elxan Süleymanova aid villaların rayon əhalisinə ciddi problemlər yaratdığını iddia edir.

Eyni zamanda, ölkə başçısına da müraciət ünvanlayan S.Həsənov deputatın düz Göyçay çayının ortasında 6 villa inşa etdirdiyini və bu villalar səbəbindən yerli əhalinin yaşadığı 50-yə yaxın evin sökülmə təhlükəsilə üz-üzə qaldığını bildirir:

“Elxan Süleymanov bir neçə il bundan əvvəl Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Həmin villaları elə inşa ediblər ki, nəticədə Göyçay çayı məcrasından çıxaraq, həyatyanı sahələrə düşüb”.

S.Həsənov hətta iddia edir ki, Elxan Süleymanovun villaları inşa edilən zaman çayın hövzəsi daraldılıb və bu da barəsində danışılan problemin yaranmasına, eyni zamanda Göyçay çayı üzərindəki körpünün uçmasında ciddi rol oynayıb. Şikayətçi iddia edir ki, E.Süleymanov həmin villaların təhlükəsizliyi xatirinə çayın məcrasını dəyişdirməyə çalışır:

“İndi həmin villalar uçmasın deyə Elxan Süleymanov çayın məcrasını dəyişdirmək üçün əl-ayağa düşüb. O, istəyir ki, Göyçay çayının məcrası villalar olan yerdən dəyişdirilərək, bizim yaşadığımız əraziyə salınsın. Bu səbəbdən 50-dən çox evin sökülməsi gözlənilir.”

1528354247_1528351932_still0606_00000

Şikayətdə qeyd olunur ki, sözügedən 50 evdə 300-dək rayon sakini yaşayır və deputatın 6 villasına görə, bu qədər insanın yaşayış yerindən məhrum edilməsi böyük haqsızılıq və ədalətsizlik olar:

“Bu evləri bizim ata-babalarımız halal zəhmətlə inşa ediblər, bura bizim ata yurdumuzdur. Burada 300 nəfərdən çox insan yaşayır. Elxan Süleymanovun isə belə villaları Azərbaycanın çox yerində var. Demək olar ki, o, buraya ildə bir dəfə gəlir. Biz isə kasıb insanlarıq, öz zəhmətimizlə qazandığımız qəpik-quruşla ailəmizi güclə dolandırırıq”.

Image result for Elxan Süleymanov

Göyçay sakini bildirir ki, kasıb-kusuba aid 50 evin sökülməsindənsə, deputatın villalarını sökmək daha düzgün və çayın gələcəkdə yeni fəsadlar törətməsinin qarşısını almaq üçün daha əhəmiyətli olardı:

“Deputat Elxan Süleymanov yaxın günlərdə evlərimizin sökülməsi məsələsini gündəmə gətirmək istəyir. Göyçay çayının hövzəsindəki problemin kökü bu deputatın qanunsuz inşa etdirdiyi 6 möhtəşəm villada axtarılmalıdır. Belə ki, məhz həmin villalar inşa edilən zaman Göyçay çayının hövzəsi daraldılıb. Bunu ekspert rəyi omadan, adi gözlə baxanda da aydın görmək olur”.

Sonda bir daha ölkə başçısına müraciət edən S.Həsənov deputatın villaları ucbatından yüzlərlə sakinin evsiz qalmasına imkan verilməməsini xahiş edir:

“Elxan Süleymanovun qanunsuz inşa etdirdiyi 6 villa biz göyçaylılara qənim kəsilib. Xahiş edirik ki, həmin villaların sökülməsinə göstəriş verəsiniz”.
“AzPolitika” deputat Elxan Süleymanovun da mövqeyini dərc etməyə hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top