"İnsan hüquqları və demokratiya ABŞ-Azərbaycan münasibətlərində müzakirələrin bir hissəsi olmalıdır" - Keçmiş səfir

MÜSAHİBƏ 16 dek 2018, 14:59
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində Exxonmobil və Chevron neft şirkətlərinin Azərbaycanı tərk etməsi qərarı, Birləşmiş Ştatların Xəzərdə enerji siyasəti və Amerika-Azərbaycan münasibətlərindən danışıb.

Amerikanın Səsi: Səfir Morninqstar, bu gün bizimlə söhbətə qatıldığınıza görə sizə təşəkkür edirik.

ABŞ-ın Exxonmobil and Chevron neft şirkətlərinin Azərbaycanın Xəzər dənizindəki ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşlidə öz paylarını satmaq istədiyi ilə bağlı məlumatlar verilib. Bu iki şirkət Sovet İttifaqının süqutundan sonra Azərbaycanda investisiya qoyuluşları edən ilk şirkətlər arasında idi. Onların qərarı sırf kommersiya maraqlarından irəli gəlirmi?

Riçard Morninqstar: Bu, baş verib, bu xəbərlər bu yaxınlarda verilib və mənim bundan xəbərim var. Mən həqiqətən də onların nə üçün getdiyini bilmirəm. Mənim təxminlərimə görə, bu, sırf kommersiya qərarıdır. Yalnız kommersiya. Azərbaycanda hələ də qalan bir çox şirkət var, Qərb şirkətləri, Avropa şirkətləri. Buna görə də kommersiyadan başqa, onların bunu etməsi üçün özlərinin kommersiya maraqlarından başqa hansısa ayrı bir səbəbin olması məni təəccübləndirərdi. Amma mən yenə də səbəbi bilmirəm. Mən onlarla bu barədə danışmamışam.

Amerikanın Səsi: Keçən 25 ildə Birləşmiş Ştatlar Xəzərin enerji resurslarının istismarı və Qərbə kəmər layihələrini davamlı şəkildə dəstəkləyib. Vaşinqton bu öhdəliyini saxlamağa davam edirmi?

Riçard Morninqstar: Bəli, davam edir. Bildiyiniz kimi, mən 20 ildən çoxdur Xəzərin enerjisi məsələsinə cəlb olunmuşam. Bizim Azərbaycanla münasibətlərimiz bütün bu dövrdə güclü olub. Və bu, Amerika Birləşmiş Ştatlarında hansı administrasiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, davamlı şəkildə belə olub. Bu, bizim münasibətlərimizin olduqca vacib strateji bir hissəsidir. Və bütün bu illər ərzində Azərbaycanla münasibətlərimizdə yüksəliş və tənəzzüldən asılı olmayaraq, enerji sahəsində əməkdaşlıq bu günə kimi davamlı şəkildə güclü olaraq qalır.

Amerikanın Səsi: Hazırkı administrasiyanın Xəzər hövzəsində enerji, Azərbaycanla enerji sahəsində münasibətlərlə bağlı siyasəti nədən ibarətdir?

Riçard Morninqstar: Mənim başa düşdüyüm kimi və bildiyinizə görə, mən indi administrasiyada deyiləm, amma administrasiyanın üzvləri ilə söhbətlərə və ictimaiyyət üçün və özəl bəyanatlardan eşitdiyimə görə, administrasiya Xəzər hövzəsi, Xəzərdəki resursların daşınmasını çox dəstəkləyir və bu sahədə Azərbaycana böyük dəstək göstərir. Administrasiya Xəzərdən qazın Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə və ümid edirik ki, bir ildən, bir il yarımdan sonra Avropaya nəql edəcək Cənub qaz dəhlizinə davamlı olaraq dəstək verir. Və biz, administrasiya buna olduqca böyük dəstək göstərir.

Amerikanın Səsi: ABŞ və Rusiya arasında rəqabətin intensivləşdiyi şəraitdə Azərbaycanın burada yerini necə görürsünüz? Azərbaycanın Rusiyaya daha da yaxınlaşa biləcəyi narahatlıq doğururmu?

Riçard Morninqstar: Azərbaycan hər zaman Birləşmiş Ştatlar, Avropa və Rusiya arasında balanslı münasibətlər yaradıb, ya da yaratmağa çalışıb. Bu, artıq bir faktdır ki, Rusiya oradadır, Azərbaycanın Xəzər dənizində qonşusudur və həmişə Xəzər dənizində nüfuzunu saxlamağa çalışacaq. Mən inanıram ki, Azərbaycan enerji sahəsində Rusiyadan mühüm dərəcədə müstəqilliyini saxlaya bildiyinə görə, Bakı-Tbilisi-Ceyhan kəməri və indi də Cənub Qaz dəhlizi layihəsini inkişaf etdirdiyinə görə rəğbətə layiqdir. Mənim fikrimcə, enerji ilə əlaqədar olaraq Qərblə əlaqələrin saxlanması Azərbaycanın marağındadır.

Amerikanın Səsi: Səfir Morninqstar, sizin Azərbaycanı tərk etməyinizdən dörd il keçir. Siz ölkədə baş verən hadisələri izləyirsinizmi?

Riçard Morninqstar: Doğrudur, dörd il keçib, əslinə qalsa, dörd il yarıma yaxın vaxt keçib. Mən hadisələri izləyirəm, amma əvvəllər olduğu kimi çox yaxından izləmirəm. Mən enerji sahəsində baş verən hadisələri yaxından izləyirəm, ona görə ki, bu mənim Atlantika Şurasında Qlobal Enerji Mərkəzinin sədri kimi rolumla əlaqədardır. Amma tam yəqinliklə deyə bilərəm ki, Azərbaycanda baş verənlərdən xəbərdaram.

Amerikanın Səsi: Sizin Bakıda səfir olduğunuz vaxt insan hüquqları və demokratiyanın müdafiəsinə qalxdığınızın şahidi idik. Hazırda ölkədəki vəziyyətlə bağlı nə düşünürsünüz?

Riçard Morninqstar: Bəli, etmişəm. Mən Bakıda olduğum müddətdə demokratiya və insan hüquqları məsələləri ilə bağlı kifayət qədər ciddi danışdığımı düşünürəm. O zaman həm də ABŞ administrasiyasının məsələ ilə bağlı ciddi siyasəti var idi. Lakin mən eyni zamanda, qeyd etmişdim ki, bu, Azərbaycanla münasibətlərdə bir məsələdir, məsələlərdən biridir. Lakin burada enerji, strateji maraqlar, Azərbaycanın Rusiya və İranla unikal münasibətləri də daxil olmaqla, digər mühüm məsələlər də var. Bəli, mən o zaman dəfələrlə bu məsələlər haqda danışmışam. Və mən hesab edirəm ki, bu məsələlər bir çox digər ölkələr üçün də olduqca böyük əhəmiyyətə malikdir. Bu günlər mən bunu çox yaxından izləmirəm. Amma mən belə başa düşürəm ki, bunlar hələ də problem olaraq qalır. Lakin yenə də bu, məsələlərdən biridir və bu məsələlərin müzakirəsi Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin, Avropanın Azərbaycanla münasibətlərinin bir hissəsi olaraq aparılmalıdır. Amma yenə də bu, bir məsələ və bütün başqa məsələlər. Mənim fikrimcə, bu məsələlərin nə qədər ciddi olduğunu yadda saxlamaq lazımdır, çünki bunlar həqiqətən də olduqca ciddi məsələlərdir. Bizim son zamanlar gördüyümüz kimi, bir sıra başqa ölkələrdə də çətin problemlər var. Buna görə də bu məsələlər problem olaraq qalır və onlar ünvanlanmalıdır, ancaq güclü münasibətlərin bütünlükdə bir hissəsi olaraq.

Amerikanın Səsi: Səfir Morninqstar, siz prezidentin Xəzərin enerji diplomatiyası üzrə xüsusi müşaviri olmusunuz. Siz həm də Bakı-Tbilisi-Ceyhan kəmərinin müdafiəçisi, dəstəkçisi kimi tanınırsınız. Sizin o zaman regionda enerji sahəsində inkişafı ilə bağlı hansı baxışlarınız var idi?

Riçard Morninqstar: Bizim 90-cı illərdə Xəzərin enerji resursları ilə bağlı siyasətimiz üçşaxəli idi. Biz o vaxt düşünürdük ki, Xəzərdəki yeni mənbələrin bazara müstəqil çıxışı olduqca böyük əhəmiyyətə malikdir. Təbii ki, Rusiya hər zaman dünyanın bu enerji infrastrukturunun bir hissəsi olaraq qalır. Amma biz bu yeni resurslarla bağlı kəmərlərin hamısının Rusiya vasitəsilə keçməsini istəmirdik. Biz onların İran üzərindən də keçməsini istəmirdik. Və biz istəyirdik ki, onların bazara çıxışı daha az çətinliklərlə müşayiət olsun və bununla da nəticədə regiondakı yeni ölkələrin müstəqilliyinə dəstək verilmiş olsun. Xüsusilə də Azərbaycan və Gürcüstan. Bizim üçün Azərbaycan və Gürcüstanın öz müstəqilliklərini qoruyub saxlaması və bu resursların onların müstəqilliyinin möhkəmləndirilməsi üçün istifadə edilməsi çox vacib idi. Əslində, belə idi. Və mənim fikrimcə, bu, yaxşı bir iş idi. Biz həmin vaxt eyni zamanda fikirləşirdik ki, Türkiyənin regionda rol oynaması mühümdür. Və dəstək verilən kəmərin Tbilisi və oradan da Ceyhana getməsinin səbəblərindən biri də bununla bağlıdır. Buna görə də yaxşı səbəblər var idi və fikrimcə, biz buna görə bunun mühüm olduğunu fikirləşdirdik. Mən hesab edirəm ki, bu günə qədər də bu, mühüm olaraq qalır.

Amerikanın Səsi: ABŞ və Azərbaycan arasında münasibətlərin gələcəyi haqda nə düşünürsünüz?

Riçard Morninqstar: Bilirsinizmi, mən buna pozitiv baxıram. Mən hesab edirəm ki, münasibətlərdə əsas faktorlar mühüm olaraq qalmağa davam edəcək. Enerji aspektləri, strateji aspektlər. Sizin bundan öncə sualınızdakı kimi, demokratiya və insan hüquqları Azərbaycan bir ölkə kimi inkişaf etməyə davam etdiyi müddətdə bizim münasibətlərimizin bir hissəsi olaraq müzakirə ediləcək. Mən bu administrasiyanın bu məsələlərlə bağlı ciddi narahat olduğunu düşünmürəm. Mən bilmirəm ki, administrasiyanın dəyişməsi ilə bu yanaşma da dəyişəcək. Amma fikrimcə, bu, bizim münasibətlərdə enerji, iqtisadi və strateji aspektlərlə yanaşı müzakirələrin bir hissəsi olmalıdır.

Amerikanın Səsi: Cənab səfir, nəsə əlavə etmək istəyirsinizmi?

Riçard Morninqstar: Onu əlavə edə bilərəm ki, mənim xanımım və mən Azərbaycanda olduğumuz dövr bizim üçün çox əzizdir. Orada yaşamaq gözəl idi. Mən və hər ikimiz o gözəl ölkənin bütün bölgələrini, o gözəl ölkənin hər tərəfini ziyarət etməkdən böyük zövq duyurduq. Mən bundan sonra ora getməmişəm və yeni səfirin olduğu müddətdə mənim işlərə müdaxilə etmək istədiyimi düşünmələrini istəmirdim. Amma yenidən qayıtmaq istərdim və mən ümid edirəm ki, bu il Azərbaycana gedə biləcəm və 2014-cü ildə mənim ölkəni tərk etməyimdən sonra oradakı dəyişiklərlə tanış ola biləcəm. Mən Azərbaycan xalqı və ölkə haqda yalnız müsbət sözlər deyə bilərəm.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top