"Dedim Serj, qaytar 5 rayonu" – Lukaşenkodan SENSASİYALI AÇIQLAMALAR

SİYASƏT 14 dek 2018, 19:58
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya mediası təmsilçilərilə keçirdiyi mətbuat konfrasında Qarabağ münaqişəsilə bağlı maraqlı açıqlamalar verib.

Demokrat.Az Belarus mətbuatına istinadla xəbər verir ki, Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə birgə dəfələrlə cəhd göstərmələrinə baxmayaraq, Ermənistanın sabiq rəhbərliyini heç cür güzəştə razı sala bilmədiklərini qeyd edib.

Belarus prezidenti bildirib ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın heç cür kompromisə getməməsi münaqişənin uzanmasına səbəb olub.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla aparılan danışıqlardan söz açan Lukaşenko ondan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməsini istədiklərini deyib: “Sonra açıq dedim. Qulaq as, onlar dediyi kimi, 7 rayonu işğal etmisiniz. Biz Putinlə konsalidasiya mövqeyi tutmuşuq. Serj, qaytar 5 rayonu. Onları qaytarmamağın səbəbi nədir, onlar boşdurlar…”.

Lakin Belarus prezidenti Sarkisyanın müxtəlif bəhanələrlə güzəştdən boyun qaçırdığını qeyd edib:

“O dedi ki, rayonları qaytarsam, onlar yolu bağlayacaqlar, Qarabağı işğal edəcəklər və sair. Biz Putinlə dəqiq söz verdik ki, biz qoşunları yeridəcəyik və buna imkan verməyəcəyik (azərbaycanlıların yanında dedik). O isə dedi ki, yox. Biz buna getməyəcəyik, biz bunu istəmirik”.

Lukaşenko Sarkisyanın mövqeyini anlamadığını bildirib:

“Niyə istəmirlər? 5 rayon boşdur. Bu, birinci addımdır. Bu zaman həm Azərbaycan, həm də Ermənistan KTMT-də və Avrasiya İttifaqında olardılar. Bu şərt daxilində Azərbaycan həmin təşkilatlara daxil ola bilərdi. Niyə ermənilər imtina etdilər? Yaxşı, Belarusu kənara qoyaq, Rusiya sizin də etiraf etdiyiniz kimi, Azərbaycana aid olan rayonların azad ediləcəyi təqdirdə, orada heç zaman müharibə olmayacağına təminat verirdi. Bu, Qarabağa aid deyil”.

Belarus prezidenti Ermənistanın bu mövqeyinin onun özünün enerji layihələrindən kənarda qalması ilə nəticələndiyini də vurğulayıb. O deyib ki, Azərbaycan tərəfinin təklifinə baxmayaraq, ermənilər qaz boru xəttinin (Böyük ehtimalla söhbət Bakı-Tbilisi-Ərzrum kəmərindən gedir-red.) Ermənistandan keçməsinə belə, razılıq verməyiblər.

Lukaşenko sonda “onsuz da hər şey nə zamansa sülhlə bitəcək” deyərək, erməni tərəfinin mövqeyini anlamadığını bir daha vurğulayıb.(AzPolitika)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top