Bakı limanının 45 000-ci sərnişini mükafatlandırıldı — FOTOLAR

MARAQLI 14 dek 2018, 13:27
Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 000-ci sərnişini qəbul edib.

Demokrat.Az xəbər verir ki, 45 000-ci sərnişin Türkmənistan vətəndaşı Bibipatma Yarjanova olub. 

Bakı Limanında keçirilən mükafatlandırma mərasimində Limanla yanaşı, Türkmənistan səfirliyinin nümayəndələri iştirak ediblər.

Türkmənbaşı-Bakı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma Yarjanova bildirib ki, bu xoş təsadüf onu çox sevindirib: 

“Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”. 

Tədbirdə iştirak edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC rəsmiləri məlumat verib ki, son iyirmi ildə rekord sayda sərnişin daşınma məhz 2018-ci ildə qeydə alınıb. 

Ötən illə müqayisədə sərnişin daşınmada 50 faiz artım qeydə alınıb və ilin sonuna sərnişin sayının 47 000 nəfəri keçəcəyi gözlənilir. Sərnişin sayının artması ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ rayonunun, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Terminal ildə 150 000 sərnişinə xidmət göstərəcək. Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və yaxud xüsusi proqram yükləməklə əldə edə biləcəklər. 

Bildirilib ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 mln. ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52 faiz Türkmənistanın payına düşüb. 

Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.
 
Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top