"İrəvanda hakimiyyətdə kim olur-olsun, torpaqlar ordumuzun gücü hesabına azad olunacaq" - Eldar Namazov

GÜNDƏM 12 dek 2018, 11:52
Növbədənkənar parlament seçkilərindən sonrakı gözləntilər barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a olduqca maraqlı fikirlər söyləyib. 
 
Onunla söhbəti təqdim edirik:
 
- Eldar bəy, Ermənistandakı seçkilər öncəsi belə bir yanaşma var idi ki, nəinki müharibədə, hətta hərbi xidmətdə olmayan bir şəxsin başında dayandığı ölkə ilə Qarabağ mövzusunda hansısa anlaşma əldə etmək daha asan olacaq. Nikol Paşinyanın tərəfdarları parlamentdə üstünlük əldə etdilər. Müşahidələriniz nə deyir, bundan sonrakı mərhələ ilə bağlı fikriniz necədir?
 
- Həqiqətən də Ermənistanda gedən siyasi prosesləri izləməli, araşdırmalıyıq. Ona görə ki, torpaqlarımızı işğal edən bir dövlətdir. Mən əminəm ki, o qədər də uzaq olmayan gələcəkdə biz hərb yolu ilə işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hərb yolunu xüsusi vurğulayıram, ona görə ki, bu seçkilərin nəticəsindən, kimin İrəvanda hakimiyyətdə olmasından asılı olmayaraq, əminəm ki, torpaqlar diplomatik yolla, danışıqlar yolu ilə yox, məhz Azərbaycan ordusunun gücü hesabına azad olunacaq. Təbii ki, bunu rəsmiləşdirmək üçün diplomatlar oturub bir sənəd hazırlayacaqlar, bu məsələyə son nöqtə qoymaq üçün müəyyən sazişlər, müqavilələr olacaq. Ancaq onlar yalnız Azərbaycan ordusu öz işini görəndən sonra mümkün olacaq. Bunu qeyd edək ki, oxucularımız da vəziyyəti düzgün qiymətləndirə bilsin. Biz seçkilərin nəticəsini şərh edəndə də buna hansısa yeni imkanlar, yeni ümidlər açan proses kimi baxmırıq. Sadəcə olaraq, düşmən ölkənin içərisində parçalanmalar, qarşıdurmalar gedir, bu proses daha da dərinləşir.
 
- Qarabağ klanı dekabrın 11-dən etibarən Robert Köçəryana azadlıq tələbi ilə Ermənistanda kütləvi aksiyalara başlayacaqlarını bəyan edib. Eyni zamanda Dağlıq Qarabağ separatçılarının başçısı Paşinyanı seçki qələbəsi ilə bağlı təbrik etsə də, aradakı soyuqluq göz önündədir.  Ermənistan hakimiyyəti və Qarabağ klanı arasındakı gərginlik hara qədər davam edə bilər?
 
- Bu gərginlik seçki prosesindən əvvəl başladı, Paşinyanın seçki bloku siyahısında 7-ci olan Qarabağ savaşının iştirakçısı Sasun Mikaelyanın “erməni xalqının respublikamızda çaldığı qələbə Artsax azadlıq savaşından daha önəmlidir” bəyanatından sonra pik nöqtəsinə çatdı. Bu ətrafda çox böyük qalmaqal qopdu. Yəni seçkilərdə Paşinyanın komandasında olan adam açıq bəyan etdi ki, Ermənistanda demokratik inqilabı həyata keçirmək daha vacibdir, nəinki Qarabağda qələbə qazanmaq. Bunun əleyhinə Ermənistanın içində, Paşinyan hakimiyyətinə rəqib olan Respublikaçılar Partiyası, Daşnaksütyun Partiyası, digər qüvvələr şiddətli kampaniyaya başladılar və bu kampaniyaya Dağlıq Qarabağdakı qondarma qurumun nümayəndələri də qoşuldu. Burada maraqlısı nədir? Ermənistandakı parlament seçkilərində həm proporsional siyahı ilə partiyalara səs verirlər, eyni zamanda reytinq siyahısı var. Yəni hər bir partiyada ən çox səs toplayan şəxs kim olacaq? Buna reytinq səsverməsi deyilir və kifayət qədər mürəkkəb sistemdir. Maraqlısı odur ki, Paşinyanın komandasında ən çox səs toplayan adam məhz o bəyanatı verən Sasun Mikaelyan oldu. Ən şiddətli hücumlar ona qarşı idi. Onu həm separatçıların nümayəndələri,  həm Sərkisyanın partiyası, həm də Daşnaksütyun xain elan etmişdilər. Ancaq o, reytinq səsverməsində birinci yerə çıxdı. Deməli, klanlar arasında qarşıdurma daha da güclənir və seçki prosesinin başa çatmasına baxmayaraq, bu mübarizə səngiməyəcək.
 
- İşğalçı ölkədə baş verənlərə ikili yanaşma mövcuddur. Bir qisim müşahidəçilər hesab edirlər ki, Azərbaycan səbirlə prosesləri izləməlidir, Ermənistanda iç savaş pik həddə çatandan, hətta orduya sirayət edəndən sonra Qarabağın azadlığı üçün hərəkətə keçməlidir. Necə ki, Ermənistan 90-cı illərin əvvəllərində Azərbaycandakı qarışıqlıqdan istifadə edib torpaqları işğal etdi. Başqa ehtimal var ki, Azərbaycan Ermənistanın məhz indiki durumundan istifadə etməlidir. Hansı yanaşma doğrudur?
 
- Hər iki yanaşma bir-birinə oxşayır. Sadəcə, söhbət ondan gedir ki, hücuma keçmək üçün ən əlverişli məqam hansı sayıla bilər. Adətən düşmən ölkədə qarşıdurmalar, parçalanmalar pik nöqtəsinə yaxınlaşanda həmin zaman seçilir. Azərbaycan seçkilərdən əvvəl ciddi addım atsaydı, onda seçkilər təxirə də salına bilərdi. O halda Ermənistanda mərkəzdənqaçma prosesləri dayanardı, bir-birinə düşmən olan qüvvələr də birləşə bilərdilər ki, üstümüzə düşmən gəlir, ona görə də daxili çəkişmələrə son qoyaq. Yəni mən də o fikirdəyəm ki, parlament seçkilərinə qədər gərginlik pik nöqtəsinə çatmamışdı. İlk dəfə olaraq Qarabağ klanı ilə Ermənistan klanının açıq müstəvidə mübarizəsinin başlanmasını biz seçkilərə on gün qalmış gördük. O vaxta kimi bunu pərdələyirdilər, ondan sonra isə bu, açıq büruzə verildi, mətbuata çıxdı. Paşinyan sərt bəyanat verdi ki, Dağlıq Qarabağdakı “məmurlar” gedib öz işləri ilə məşğul olsunlar, bizim işlərimizə qarışmasınlar! Görürük ki, bu proses davam edir və seçkilərdən sonra daha da dərinləşəcək. Ona görə ki, Paşinyana real müxalifətdə olan qüvvələr parlamentə düşə bilmədilər. Nə Serj Sərkisyanın Respublikaçılar Partiyası, nə də Daşnaksütyun parlamentdə təmsil olunmayacaq. Parlamentə üç qüvvə mandat alıb. Biri Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokudur. Digəri Paşinyana müttəfiq, ən yaxın “İşıqlı Ermənistan” Partiyasıdır. Digəri isə rusiyapərəst partiya - “Çiçəklənən Ermənistan”dır. O da rusiyapərəst olmasına baxmayaraq, ilk gündən Paşinyanla sivil münasibətlər saxlamağa çalışırdı. Ermənistan parlamentində 80 faiz qərbyönümlülər, 20 faiz isə rusiyapərəstlər olacaq. Beləliklə, ən radikal partiyalar parlamentdə yox, küçələrdə müxalifətçiliyini nümayiş etdirəcəklər.
 
“Rusiyadakı prosesləri izləyənlər birmənalı olaraq bilirlər ki, əgər ilk xahişini yerə salırlarsa, əməl etmirlərsə, Putin heç vaxt həmin məsələyə görə ikinci dəfə xahiş etmir”
 
- Yəni Azərbaycan Ermənistanın küçələrində savaşın başlamasını gözləməlidir, eləmi?
 
- Bəli. Hələ qabaqda çox mürəkkəb hadisələr gözlənilir. Ermənistanda bu qarşıdurmanı daha da gücləndirəcək hadisələr baş verəcək. KTMT-nin növbəti iclası keçiriləndə Paşinyan təşkilatın Ermənistan qarşısındakı öhdəlikləri - əsasən də Qarabağla bağlı - məsələsini müzakirəyə çıxarılmasını istəyəcək. O zaman cavab birmənalı olacaq. Heç bir ölkə Azərbaycanla münasibətləri korlamaq istəməyəcək. Keçən dəfə dediyim kimi, mən əminəm ki, Paşinyan Ermənistanın daxilində bu mövzunu öz adından deyil, KTMT-nin adından dövriyyəyə buraxacaq. Deyəcək ki, baxın, torpaqların azad olunması ilə bağlı həm ABŞ-ın, həm Rusiyanın, həm də KTMT-nin mövqeyi eynidir. Ermənistanın daxilində çox böyük qarşıdurmalar, böhranlar başlayacaq.
 
- KTMT-nin “Rus NATO-su”nun sammitinin təxirə salınması ilə bağlı Rusiya və Ermənistan arasında qarşılıqlı iddialar səsləndi, təkziblər oldu. Bu günlərdə isə erməni mediası iddia edir ki, Lukaşenko Azərbaycana hansısa vədlər verib. Faktiki olaraq ermənilər bu təşkilatda onun üzvü olmayan Azərbaycanın mövqeyinin güclü olmasından bəhs edirlər. Siz qərbyönümlülərin mütləq üstünlüyə malik olduğu parlamentin KTMT ilə bağlı hansı mövqe sərgiləyəcəyini gözləyirsiniz?
 
- Ermənistanda qərbyönümlü qüvvələri iki hissəyə bölmək olar. Birincisi, artıq bunu bəyan edən partiyalar heç vaxt parlamentdə böyük bir fraksiya təşkil edə bilmir, daim azlıqda olurdular. İndi də parlamentə düşən bir partiya rəsmi qərbyönümlü olduğunu bəyan edir. İkincisi, digərləri pərdə arxasında hərəkət edən partiyalardır. Yəni rəsmi olaraq Rusiya ilə yaxşı münasibətlərdən bəhs edir, KTMT-yə üzvlüyü dəstəkləyirlər və s. Ancaq onlar eyni zamanda atdığı addımlarla Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışan partiyalardır. Paşinyan bu işləri pərdə arxasında görməyə çalışacaq. O, həm Rusiyanın təzyiqindən qorxur, həm də başa düşür ki, Ermənistan cəmiyyəti ola bilsin hələlik tam bu fikirlə razı deyil. Ona görə də Paşinyan çalışacaq ki, bu məsələdə mərkəzçi qüvvə kimi çıxış etsin. Ancaq onun atdığı bütün addımlar Ermənistanı Qərbə yaxınlaşdırmağa yönələcək. O, elə bil minalanmış yola çıxıb, hər bir addımı atanda əvvəlcə yoxlayacaq ki, görüm ayağımın altında bir şey partlayacaq, ya yox. Onlar bu şəkildə, iməkləyə-iməkləyə Qərbə doğru getmək istəyirlər.   
 
- Sizinlə söhbət etdiyimiz saatlara qədər Putin Paşinyanı təbrik etməyib. Baxmayaraq ki, həm ABŞ Dövlət Departamenti, həm Avropa İttifaqı, həm də Almaniya kansleri Merkelin mövqeyi var. Moskvanın sükutu nədən xəbər verir?
 
- Vaxtilə Rusiya Ukraynada birinci “məxməri inqilab” olanda hadisələrə bir cür yanaşdı. Yəni Yuşşenko hakimiyyətini açıq dəstəkləmədi, eyni zamanda onunla açıq mübarizəyə də başlamadı. Amma pərdə arxasında bütün diqqətini Ukraynadakı rusiyameyilli qüvvələrin güclənməsinə, qərbyönümlü hakimiyyətin zəifləməsinə yönəltdi. Artıq növbəti seçkilərdə Yanukoviçi hakimiyyətə gətirə bildi. Ancaq Ukraynada ikinci dəfə “məxməri inqilab” olanda Rusiya dözmədi, tez hərəkətə keçib həm Krımı zəbt etdi, həm  də Donbasda müharibəni başlatdı. İndi İrəvanda başlayan hadisələrə də Rusiyanın münasibəti Ukraynadakı ilk “məxməri inqilab”a münasibət kimidir. Rusiya işləyib bu hakimiyyəti zəiflətməyə və növbəti seçkilərdə öz adamlarını hakimiyyətə gətirməyə çalışacaq. Ancaq istisna deyil ki, burada Ukraynadakı birinci “məxməti inqilab” dövründə olduğu kimi yox, ikinci “məxməri inqilab” dövründə olduğu kimi bir siyasət yürüdülsün. Yəni qəflətən Rusiya öz siyasətini daha da sərtləşdirsin və bu hakimiyyətin heç növbəti seçkilərə qədər də qalmasına imkan verməsin. Ona görə də hələlik Moskvada hansı yolla Paşinyan hakimyyətini yıxmaq barədə müzakirələr gedir. Ya növbəti seçkiləri gözləyib bu məsələni həll etmək, ya da ki, heç növbəti seçkiləri gözləmədən, müxtəlif imkanlardan istifadə edib ölkəni qarışdırmaq və bu hakimiyyəti devirmək. Bütün hallarda bu hakimiyyət, hökumətin və parlamentin tərkibi Rusiyanı heç vaxt qane edə bilməz. 
 
- Eldar bəy, Xocalı canisi Robert Köçəryan ikinci dəfə həbs olunsa da, Rusiya prezidenti məsələyə reaksiya verməyib. Hansı ki, bundan əvvəl onun həbsdən çıxmasına nail olmuşdu, hətta ad günündə ona zəng etmişdi. Sizcə, Putin öz dostunu xilas edə biləcəkmi? Yaxud Paşinyan Köçəryana görə Rusiya lideri ilə konfrontasiyaya gedəcəkmi?
 
- Artıq siyasi icmalçılar Putinin xasiyyətini yaxşı öyrəniblər. Rusiyadakı prosesləri izləyənlər birmənalı olaraq bilirlər ki, əgər ilk xahişini yerə salırlarsa, əməl etmirlərsə, Putin heç vaxt həmin məsələyə görə ikinci dəfə xahiş etmir. Ona görə də Putinin Paşinyana Köçəryanla bağlı hansısa xahiş etməsi qeyri-mümkündür. Güman edirəm ki, qarşıdurmaya çox ciddi xarakter alacaq. Artıq Rusiya icmalçılarının bir çoxu hesab edir ki, Paşinyanın KTMT-də atdığı addımlar təsadüfi deyil. Yəni bu, Qərbin xahişini yerinə yetirib KTMT-ni daxildən parçalamaq istəyir. Bu təşkilatın tarixində ilk dəfəydi ki, onun rəhbərinin qollarını qandallayıb, vəzifədə ola-ola həbs etdilər. İlk dəfə başqa bir hadisə baş verir. Ziddiyyətlər o qədər dərindir ki, bunlar növbəti sammiti keçirə bilmirlər, təxirə salıblar. Moskvada da bütün bu işlərin başında Paşinyanı görürlər ki, bütün bunların hamısını o təşkil edir. Hələ qabaqda həm Ermənistanın daxilində parçalanmaların, həm Rusiya ilə Ermənistan arasında qarşıdurmanın güclənməsi, həm İrəvan klanı ilə Qarabağ klanı arasında savaşın daha açıq müstəviyə keçməsi gözlənilir. Ona görə də biz bu prosesləri diqqət mərkəzində saxlamalıyıq. Eyni zamanda əsas gücümüzü ordumuzun modernləşdirilməsini, güclənməsini və torpaqlarımızı azad etmək üçün hazır vəziyyətə gətirilməsini təmin etməliyik.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top