İşdən qovulan professor kimdir? – FOTOLAR

GÜNDƏM 10 dek 2018, 22:30
Plagiat məqaləyə görə işdən qovulduğu bildirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun professoru Ağadadaş Qafarov haqda maraqlı məqamlar üzə çıxıb.

Demokrat.Az xəbər verir ki, deputat Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində dərc edilən məqalədə həmmüəllif olan A.Qafarovun saxtakarlığının ifşa olunduğu mediada yayılıb.

Bildirilir ki, məqalənin Moskva nəşrlərindən birindən köçürüldüyü müəyyən edilib.

Bundan xəbər tutan İqtisadiyyat İnstitutu rəhbərliyi iclas keçirib və plagiat məqalənin müəlliflərindən birinə töhmət verib, digəri - Qafarov isə işdən qovulub.

Məsələnin maraqlı məqamı da burdan başlayır: niyə plagiat əsərin həmmüəllifinin biri töhmətlə canını qurtarır, amma digəri işdən qovulur? Və plagiata görə bu qovulma AMEA tarixində ilk fakta çevrilir?

***

Ağadadaş Qafarovla bağlı xırdaca araşdırma ilə müəyyən etdik ki, onun haqqında xeyli sayda ziddiyyətli məlumatlar var. Professor Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İqtisadi Kibernetika kafedrasında professor, İnformatika və idarəetmə fakültəsində dekan müavini, sonra dekan vəzifəsində çalışıb.

Burada da onun fəaliyyəti qara zolağa düşüb. Qafarov dekan işlədiyi dövrdə dələduzluqda ittiham edilib. O, Həsənağa Mirzəyev adlı vətəndaşın etimadını qazanaraq ondan 79.500 dollar rüşvət alıb. O, Mirzəyevin təklif etdiyi bir neçə şəxsi dekan işlədiyi fakültəyə işə qəbul etməyə vəd verib. Amma aldığı vəsaiti mənimsəyib, vədinə xilaf çıxıb.

Buna görə 2006-cı ildə professora cinayət işi açılıb.

Ancaq iş bununla bitmir. "Yeni Müsavat"ın 2010-cu ilin 2 iyun tarixli sayına nəzər yetirdikdə məlum olur ki, A. Qafarovun qohumlarının onun İqtisad Universitetinin həmin dövrdəki rektoru Şəmsəddin Hacıyev tərəfindən döyülməsi barədə məktubu dərc olunub.

Məktubda iddia olunur ki, professor rektor tərəfindən aldığı ağır zərbələr nəticəsində beyin travması keçirib, xəstəxanaya yerləşdirilib. Amma universitetinin rektorluğu professorlar adından bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, A.Qafarov hələ 1998-ci ildə bu təhsil müəssisəsindən xaric edilib.

Amma bu bəyanat məsələni aydınlaşdırmaq əvəzinə daha da qəlizləşdirib. Bəyanatda bildirilir ki, Qafarov işindən kafedra iclaslarında, elmi seminarlarda iştirakdan imtina etməsi, açıq dərsləri aşağı səviyyədə aparması, elmi-pedaqoji işini yerinə yetirməməsi, əmək intizamını dəfələrlə pozmasına görə rektorunun əmri ilə tutduğu vəzifədən azad edilib – 1998-ci ildə.

Amma A.Qafarovun 1998-ci ildən İqtisad Universitetində işdən çıxarıldığını 2010-cu ildə bildirən universitet rəhbərliyi unudur ki, DİN-in rəsmi saytında A.Qafarov 2006-cı ildə dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilərkən, onun iqtisad Universitetinin dekanı olduğu vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top