Dəfnə xərclənəcək pul limiti müəyyənləşdi

SOSİAL 08 dek 2018, 11:13

Dəfnlə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən göstərilən xidmətlər və bu xidmətlərin maksimum xərcləri müəyyənləşib. 

 

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.


Qəbiristanlığın müdiriyyəti tərəfindən göstərilən dəfn xidmətləri ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin sifarişinə uyğun olaraq, müəyyən edilmiş ödəniş edildikdən sonra qəbiristanlığın müdiriyyəti tərəfindən təşkil olunur. Xidmətlərin ayrı-ayrılıqda və ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir. Bu xidmətlərin ümumi dəyəri "Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır. Dəfn xidmətləri həmin xidmətlərin göstərilməsi üçün çəkilən xərclərə mütənasib, həmçinin müdiriyyətin və qəbiristanlığın saxlanması xərclərinə uyğun müəyyən edilir.

 

Ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən aşağıdakı dəfn xidmətləri göstərilir:

 
- ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması;
- ölmüş şəxsin cənazəsinin daşınması üçün tabutun və nəqliyyat vasitəsinin təqdim olunması;
- qəbir yerinin qazılması;
- ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması;
- cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin icrası;
- cənazənin kremasiya olunması və kremasiya olunmuş şəxsin dəfni üçün digər ləvazimatların təqdim edilməsi;
- dəfn edilmiş şəxsin ekshumasiyası;
- qəbirüstü tikililərin hazırlanması və quraşdırılması.
 Qeyd edək ki, sığortaolunan vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçısı vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli yəni, 348 manat 81 qəpik dəfn üçün müavinət ödənilir./BakuPost

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top