Dilçi alim professor həmkarını plagiatda İTTİHAM EDİR — AÇIQLAMA

HADİSƏ 03 dek 2018, 16:15
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin bir qrup əməkdaşı plagiatda ittiham olunur.

Demokrat.Az xəbər verir ki, İnstitutun “Terminologiya” şöbəsinin müdir müavini, professor Sayalı Sadıqovanın rəhbərliyi ilə hazırlanmış “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olduğu iddia olunur. 

İddialara görə, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və  tətbiqi dilçilik laboratoriyasında professor, filologiya üzrə elmlər doktoru, dünyaca məşhur dilçi-alim Fəxrəddin Veysəllinin müəllifliyi və redaktəsi ilə ərsəyə gəlmiş ikicildlik Dilçilik Ensiklopediyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova və onun 4 nəfər işçisi tərəfindən köçürülüb.

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fəxrəddin Veysəlli "Ölkə.Az"a açıqlamasında bildirib ki, “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə ona məlumat çatdırılıb:

"Mənə çatdırıblar ki, belə bir şey olub. İndi bunlar necə ediblər, sözün düzü bu barədə geniş məlumata malik deyiləm. Hazırda həmin kitab məndə olmadığı üçün qəti fikir bildirə bilmirəm. Gərək bunu araşdırım. Ancaq siz jurnalist kimi araşdıra bilərsiniz. İzahlı dilçilik terminləri ilə bağlı bizim kitablarımızın birinci və ikinci cildləri hələ 2006-2008-ci illərdə çapdan çıxıb. Həmin kitablar internetdə də yerləşdirilib".

Professor deyib ki, alimlərin plagiatlıqla məşğul olması çox pis hərəkətdir:

"Plagiat çox yaramaz hərəkətdir. Xüsusilə də özünə hörmət edən alim gərək belə hərəkət etməsin. Çünki bu bir alimin etikasına uyğun gəlmir. Eyni zamanda qanun tərəfindən müəllif hüququları qorunur. Bununla bağlı Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Bu biabırçılıqdır. Onlar elə-belə alim, küçədən gələn adam deyillər. İndi əlimdə fakt olmadığı üçün çox söz deyə bilmirəm. Əslində, bu çox yaramaz, alçaq və həddindən artıq pis əməldir. Bütün ölkə miqyasında buna lənət oxunmalıdır".

Professor Sayalı Sadıqova isə "Ölkə.Az"a açıqlamasında ittihamlara cavab verib.
 
Alim bildirib ki, artıq bir neçə ay əvvəl kitabın təqdimat mərasimi keçirilib və təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyıi də iştirak edib:

"Artıq kitabın təqdimnatı bir neçə aydır ki, olub, bəyənilib və dövlət mükafatımızı almışıq. Kitabda hər hansı plagiatlıq olsaydı, indiyədək bunun səsi çıxardı. Fəxrəddin müəllim Veysəlli  Dilçilik Ensiklopediyası yazıb, orada alman, rus, ingilis lüğətləri var. Bizim kitabımız isə sırf Azərbaycan qramatikasında işlənən terminlərin lüğətidir. Buna isə heç kəs nə isə deyə bilməz. Bizim kitabın üzərində 6 nəfər işləyib, burada heç bir köçürülmədən söhbət gedə bilməz. Bizim yazdığımız kitab Azərbaycan dilinin qramatikası əsasında ilk dəfə sanballı yazılmış izahlı dilçilik lüğətidir. Kitab yazılan zaman bizim qarşımızda Azərbaycan dilinin qramatikası olub. Azərbaycanda hər 5 ildən bir termenoloji lüğət yenilənir. Bizim əlimizdə olan əsas mənbə isə Qəzənfər müəllimin kitabları olur. İndi bizim yazdığımız lüğətdə hansı köçürülmədən söhbət gedə bilər? Bu, qətiyyən ola bilməz".

Xatırladaq ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun  “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqova və həmin şöbənin əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları N. Hüseynova,  İ. Abdullayeva, S.Novruzova, Ş.Həsənli-Qəribova tərəfindən  “İzahlı dilçilik terminləri lüğəti” hazırlanaraq çap edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top