Sərhədçilərə atəş açıldı, Elçin Quliyev “Göytəpə”yə getdi – FOTOLAR

HADİSƏ 30 noy 2018, 20:25
Azərbaycan sərhədini pozaraq ölkəyə girməyə çalışan silahlı şəxs zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən Demokrat.Az-a verilən məlumata görə, noyabrın 29-da “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.

Saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi ya­xınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq hadisə yerinə hərəkət edib, nəzarətiz zolağında İran İslam Respublikasından Azərbaycan istiqamətində ayaq izləri aşkar olunub.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilib, sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edilib. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avto­mat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub.

Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

Bu gün isə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top