Bir neçə gündür müzakirə olunan maraqlı avtomobil elanının müəllifi tanınmış jurnalist çıxdı — FOTOLAR

MARAQLI 25 noy 2018, 14:37

Bakıda qeyri-adi avtomobil elanı yazmaqla sosial şəbəkələrdə trendə çevrilən şəxs Azərbaycanın tanınmış jurnalisti çıxdı. 


Demokrat.Az xəbər verir ki, bir neçə gün öncə avtomobil elanı saytında maraqlı fikirlər yazmaqla öz maşınını satmaq istəyən bu şəxs Trend İnformasiya Agentliyinin Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğludur. 


Jurnalist saytımızda bildirib ki, sözügedən avtomobil elanı ona məxsusdur:


"Həmin avtomobil mənə məxsusdur, satıram. Elanı maraq yaratmaq üçün elə yazmışam. Elanın bu qədər maraq yaradacağını gözləmirdim".


Xatırladaq ki, avtomobil alqı-satqısı saytlarından birində maraqlı bir elan yerləşdirilib. Elanda avtomobilin ağlasığmaz “üstünlükləri” olduğu qeyd olunur.


Elanı olduğu kimi təqdim edirik:


“Avtomovil Xınalıqda dörd dəfə aşıb, Qubada Çənlibel gölündə batıb, təmirə aparan zaman amerikan istehsalı olan “Tomahawk” raketi ilə vurulub və yerlə bir edildikdən sonra yığılıb!” kimi sözlərlə üzərimə gəlməyin!…

Hündür dağların dəstəboy fatehi, odda yanmaz suda batmaz, sahibini utandırmaz, utandırsa da üzünü qızartmaz olan əsl HİPPOPOTAM!

“Nissan Pathfinder” satılır. Bu maşının xeyir-duasını elimizin o başından bu başına, yuxularımıza qənim kəsilən, ağ paltarlı, ağ saqqalı, ağ çomaxlı kişi verib. Yaxın gəl!

Almasan da xəyal et….

Avtomobil hər kəs üçün deyil, ancaq yerində və müştərinin face kontrolundan sonra satılacaq!

PS: Bu avtomobil bütün sosial şəbəkələrin ulduzdur, yollarda xanım sürücülərə qarşı xüsusi nəvaziş nümayiş etdirib. Avtomobildə bu vaxta qədər, şit və səviyyəsiz ara mahnılar dinlənilməyib! Yalnız Alman folklor “Agır” rok qrupu “İn Extremo” nun mahnıları.

Avtomobilin mühərriki, hər gün Bismillah ilə işə salınıb, Maşallah ilə sürülüb və Əlhəmdulillah ilə park edilib…

Qiymətin üstündə olan (14000) 500 rəqəmi sizi üzməsin. Buna Fil üstündə Bülbül deyilir ki, o da Sizə qurbandır!".

 

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top