"Bəli, Ledi Qaqa mənə baxıb geyinir" - Elza Seyidcahan

ŞOU-BİZNES 25 noy 2018, 15:31

Elza Seyidcahan: "Məntiqsiz danışmıram, mən 1996-cı ildə sənətə gəlmişəm, o 2000-ci ildə..."

"Vaxtilə Əzizə Mustafazadəni də dəyərləndirə bilmədik. Onun istedadını, potensialını düzgün qiymətləndirmədik. O da başını götürüb, getdi"

 
 
Onu Azərbaycanın Ledi Qaqası adlandırsalar da, özü bu fikirlə qətiyyən razılaşmır. İddia edir ki, onu Ledi Qaqaya bənzətmək yanlışdır. Tam əksinə, Ledi Qaqa özünü ona bənzədir. Müğənninin sözlərinə görə, Ledi Qaqanın ondan oğurladığı elementlər, çalarlar var. Qonağımızın sözlərinə görə, onun musiqi dünyasını dərk etmək, fəlsəfi baxışlarını anlamaq üçün dərin intellektə sahib olmaq lazımdı. Ekstravaqantlığı ilə seçilən Əməkdar artist Elza Seyidcahan «Şərq»ə açıqlamasında iddialı fikirlər səsləndirdi.
 
- Geyimləriniz hər zaman müzakirə mövzusu olub. Elə söylədiyiniz fikirlər də birmənalı qarşılanmır. Bu dəfə geyimlərinizlə bağlı suallara maraqlı cavabınız olub. Ledi Qaqa, Beyons sizə baxıb geyinirlər deyirsiz. Bu fikri ciddi anlamda dilə gətirmisiz, ya sadəcə tənqidlərdən yorulmusuz deyə, bu şəkildə eyhamla cavab verməyə məcbur qalmısız?
 
- Siz niyə belə düşünürsüz ki, bu fikrim qeyri-ciddi səslənib. Elza Seyidcahan hansı sözünü ciddi deməyib ki? Tam ciddi demişəm. Bəli, Ledi Qaqa mənə baxıb geyinir.
 
- Bu iddianızın bir əsası olmalıdı. Hər halda dünyaca məşhur sənətçidən, bir də Elza Seyidcahandan söhbət gedir.
 
- Siz niyə mənim bu fikrimi qeyri-ciddi qəbul edirsiz? Hətta sualınızda da bir rişxənd hiss olunur. Bəli, bu fikri məntiqlə, tam məsuliyyətlə deyirəm. Elza Seyidcahan 1996-cı ildə sənətə gəlib. Ledi Qaqa 2000-ci illərdə. Mən sənətə gəldiyim ilk gündən tərzimlə, ifamla, geyimlərimlə, stilimlə fərqliliyimi göstərmişəm. Həmişə mənim geyimlərim müzakirə olunub. Mən məntiqsiz danışmıram axı. Sadəcə, bəzi insanların dar düşüncələri Elzanın fəlsəfi və fərqli dünyasını görməyə imkan vermir. Mənim danışığımda, şeiriyyatımda bir ciddiyyət, bir fəlsəfə var. Biz balaca ölkə olsaq da, şükür ki, bizi tanıyırlar. Dünyaca məşhur sənətçilər də bizi izləyir.
 
- Yəni iddia edirsiz ki, Ledi Qaqa, Beyons sizi tanıyır. Və Elza Seyidcahanın üslubundan istifadə edirlər...
 
- Mənim tərzim yerimə sualları cavablandırır. Hər səhnəyə çıxışım, geyindiyim hər libas bunu sübut etmir ki? Ledi Qaqa mənə baxıb geyinmir ki? Niyə bunu görmək istəmirlər? Mən xarici ölkədə yaşasaydım, inanın indiyə qədər dünyaca məşhur olmuşdum. Sizə bir misal çəkim, vaxtilə Əzizə Mustafazadəni də dəyərləndirə bilmədik. Onun istedadını, potensialını düzgün qiymətləndirmədik. O da başını götürüb, getdi. Bu gün Azərbaycana da az-az hallarda gəlir. Azərbaycandan gələn dəvətlərin də əksəriyyətindən imtina edir. Bu bir reallıqdır. İnsanı Azərbaycandan küskün saldılar. Dünya onu qəbul edəndən sonra isə Əzizə Mustafazadə dəyərli oldu.
 
- Siz necə, dəyəriniz hiss olunsun deyə Azərbaycandan köçməyi düşünmürsüz?
 
- Hamı bilir ki, mən nə qədər vətənpərvərəm. Ona görə də bu günə qədər heç yerə getməmişəm. Amma hərdən ürəyimdən keçir ki, köçüb gedim. Bir də mənim hələ nə yaşım var ki? Yaradıcılığımın çiçəklənən vaxtıdı. Hələ də getmək barədə düşünmək olar. Düşünə bilərəm də. Mən əminəm ki, xaricdə yaşasam, musiqilərim, şeiriyyatım barədə çox danışılacaq. Məni dərk etmək üçün sadəcə bir az geniş dünyagörüşünə sahib olmaq lazımdı. Bizim cəmiyyət hələ də Elzanı qəbul edə biləcək qədər inkişaf etməyib. Bəli, cəmiyyətimizdə məni dərk edəcək düşüncəyə sahib insanlar da var. Amma çox azdı. Mənim dünyamı tanımaq, dərk etmək üçün ancaq fəlsəfi düşüncəyə sahib olmaq lazımdı.
 
- Bu qədər iddialı Elza Seyidcahan solo konsert necə, vermək istəmir? Heyvanlar üçün konsert verdiniz. İnsanlar üçün nə zaman konsert verməyi düşünürsüz?
 
- İnşallah, yaxın müddətdə solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxmağı düşünürəm. Heydər Əliyev adına Sarayda solo konsert proqramı ilə çıxış etməyə hazırlaşıram. Artıq konsertin hazırlıq işlərinə qısa müddətdə start veriləcək.
 
- Tamaşaçı bu konsertdə sizdən nə gözləyə bilər?
 
- Elzanın hər çıxışı maraqlı, özəl olub. Bu konsert layihəsi də özəl olacaq, digərlərinin sıradan konsertlərinə bənzəməyəcək. Əminəm ki, təqdim etdiyim bu konsert hələ uzun müddət dillərdən düşməyəcək. Təbii ki, müzakirələrsiz də ötüşməyəcək. Elza özəl olduğunu bu konsertində bir də sübut edəcək.
 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top