Dünya çempionatında qalib gələn polislər təltif olundu – FOTO

HADİSƏ 24 noy 2018, 13:40
Məlum olduğu kimi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları-polis kapitanları Fərid Mayılov və Süleyman Əliyev, polis leytenantı Famil Məhərrəmov dəfələrlə beynəlxalq miqyaslı idman yarışlarında fərqləniblər, bu uğurlarını bir qədər əvvəl keçirilən dünya çempionatlarında bir daha təkrar ediblər.

DİN-dən Demokrat.Az-a verilən xəbərə görə, bu münasibətlə noyabrın 22-də Daxili İşlər Nazirliyində həmin idmançı əməkdaşları daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov qəbul edib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi nəticəsində idmançılarımızın mötəbər beynəlxalq yarışlarda möhtəşəm nailiyyətlər qazanması artıq ənənə halını alıb. Bu qələbələr həm də dövlətimizin nüfuzunun, qüdrətinin göstəricisidir. Qalib idmançıların və onların məşqçilərinin hər zaman layiqincə mükafatlandırılmasını böyük minnətdarlıq hissi ilə xatırladan nazir müavini bunun ölkədə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının nəticəsi olduğunu vurğulayıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə daxili işlər orqanlarında da idmanın inkişafına xüsusi diqqət yetirildiyini, əməkdaşların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdıran polis general-leytenantı O.Zalov elə bu görüşün də cənab nazirin tapşırığı ilə keçirildiyini, idmançı əməkdaşların təkcə şəxsi heyətimizin deyil, bütövlükdə ölkəmizin idman şərəfini layiqincə qoruduqlarını qeyd edib. 

O bildirib ki, cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən, asayişi, sabitliyi qorumaq üçün gecəli-gündüzlü sayıq xidmət aparan, yeri gələndə silahlı şəxsləri tərksilah edən, yanğının, odun-alovun içindən insanları xilas edən polislərimizin idman zəfərləri hamımızda haqlı qürur hissi doğurur.

Öz qələbə sevinclərini bölüşən qaliblər- Fərid Mayılov, Süleyman Əliyev və Famil Məhərrəmov idmanın inkişafına göstərilən ali diqqət və qayğıya, yaradılan ideal şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə, xalqımıza yeni idman qələbələri bəxş edəcəklərinə söz veriblər.

Görüşün sonunda hər üç idmançıya dünya çempionatlarında yüksək ustalıq və qələbə əzmkarlığı nümayiş etdirdiklərinə görə təltif olunduqları “DİN-in Fəxri fərman”ları təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top