Xırdalanda “PayPoint” aparatını oğurlayanlar saxlanılıb - FOTOLAR

KRİMİNAL 24 noy 2018, 11:51
Abşeron rayonunda mağazalardan birindən oğurluq edən şəxslər tutulub.

Demokrat.Az-ın “Report”a istinadən məlumatına görə, İlqar İbadov Xırdalan şəhəri Quşçuluq massivində yerləşən marketdən oğurluq edildiyi barədə Abşeron rayon Polis idarəsinə məlumat verib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən elə həmin ərazidə yaşayan 26 yaşlı Toğrul Pənahov, Göyçay rayon sakini, 44 yaşlı Qalib Abdullayev və Cəlilabad rayon sakini, 42 yaşlı Vüqar Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq mağazaya daxil olub, oradan 180 manat pul və 500 manat dəyərində müxtəlif növ siqaretləri ələ keçiriblər. Eləcə də həmin mağazadan içərisi pulla dolu, “Comted LTD”yə məxsus “PayPoint” ödəniş terminalını oğurlayıblar.

Aparat avtomobillə evə aparılaraq yarılıb və içərisindəki məbləği öz aralarında bölüblər. “PayPoint" aparatını isə Novxanı qəsəbəsinə apararaq izi itirmək məqsədilə suya atıblar.

Ancaq saxlanılan şəxslərin hadisəni törətdikdən iki gün sonra yenidən həmin ərazidə digər mağazadan oğurluq etmək istəyi baş tutmayıb.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Abşeron rayon Polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top