"Fakt Araşdırıcı" MMC – Nazirlikdən xəbərsiz SAHİBKARLARI YOXLAYAN ŞİRKƏT DƏ VARMIŞ

MARAQLI 23 noy 2018, 15:28
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarları qanunsuz yoxlayan yeni qurum aşkar edib.

Demokrat.Az-ın məlumatına görə, bu dəfə yoxlayıcı tərəf hansısa dövlət orqanı yox, özəl şirkət olub.

"Son zamanlar bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada "qanunvericiliyin tələblərinin pozulması" barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olur"-deyə nazirliyin məlumatında bildirilir.

Araşdırmalar nəticəsində məlum olub ki, özlərini "Fakt Araşdırıcı-N" MMC -nin əməkdaşları kimi təqdim edən şəxslər ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə edir, "yoxlamanın" nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb edir, üstəlik əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələyirlər.

Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.

Sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.(Fins.az)
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top