Ümid daşıyanlar! — Şəmşad Ağa YAZIR

TƏHLİL 22 noy 2018, 19:58

Həmkarımız Əfqan Muxtarlıya danışmaq qadağası qoyulub: ailəsi və yaxınları ilə telefon danışığı məhdudlaşdırılıb. Təəccüblü heç nə yoxdur, çünki oğruların doğruları, yalançıların vətəpərvərləri mühakimə etdiyi ölkələrdə bu kimi hallar avtoritarizmin normaya çevirdikləridir. 


Əslində, Əfqan məhkəmədəki çıxışlarında da, "son söz"ündə də həbsinin hansı ssenari üzrə qurulduğunu çılpaqlığı ilə təsvir etmişdi. 


Onun hakimə: "Elə yekə-yekə müşavirə otağı deyirsən ki, elə bil mənə orada iş verirlər. Mənə işi Prezident Aparatından verirlər, nə müşavirə otağı?", - fikri də bu açıdan mövzuya işıq tutur. 


İndi də ona deyirlər ki, danışığına Prezident Adminstrasiyasından qadağa qoyulub. Burada "Kim və niyə?" suallarına da cavab axtarmağa ehtiyac yoxdur. 


Yenə o fikirdəyəm ki, mübarizə romantiklərin ideallarla yaşamaq düsturudur: 


- Onlar hər yerdə, hər zaman bu düsturla hərəkət edirlər. 


- Onlar ləyaqət və mübarizənin harmoniyasından doğulublar. 


- Onlar üçün mübarizə ehtirasdır. 


Şiller deyirdi ki, böyük şəxsiyyətlər böyük ehtiraslardan doğulur. Doğrudan da, belədir, çünki onları ehtizaza gətirən də azadlıq, ləyaqət uğrunda çırpıntıları, ehtiraslarıdır. 


"Biz ona görə yazmırıq ki, sabah Əliyevləri devirəcəyik. Ona görə yazırıq ki, insanlara ümid veririk. İnsanlara verdiyimiz o ümidi bizim əlimizdən ala bilməzsiniz", - bu fikirlər isə Əfqanın məhkəmədəki son sözündəndir. 


Bəzən Azərbaycana ümidlərin öldüyü ölkə deyirlər. Məncə, bu, tam da belə deyil. Bu ölkədə hələ də nəyəsə ümid edən insanlar var və onlar müsbət mənada desək, ümid adlı bu "virus"un daşıyıcısına çevriliblər, onu insanların yaddaşına ötürə-ötürə gedirlər. 


Xalqın passivliyindən, hakimiyyətin sərt cəza tədbirlərindən bezənlər, yorulanlar, bədbinliyə qapılanlar olsa da, hər kəsin baş qatmağa bir ümidi var.


Taqor deyirdi ki, hakimiyyətin, xalqın, şəraitin necə olmağından asılı olmayaraq, sən həmişə yaxşı insan olmağa çalış. Bu gün ölkədə yaxşı insan olmaq, yaxşı insanları qorumaq düsturuna önəm verilməlidir. 


Ümidlərə gəlincə, Azərbaycan belə bir ölkədir: burada ümidlər qəfəsdə də yaşayır...


Şəmşad Ağa 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top