"Elmar Məmmədyarov Qarabağla bağlı lazımı səviyyədə iş görə bilmir" — Sabiq XİN rəhbərindən nazirə İTTİHAMLAR

GÜNDƏM 20 noy 2018, 13:17

"Adları qalmaqallı məsələlərdə hallanan indiki və keçmiş səfirlər Azərbaycanın dövlət imicinə xələl gətirirlər". 


Bu fikirləri Demokrat.Az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. 


Tofiq Zülfüqarov deyib ki, bu cür hallar xoşagəlməz hadisələrdir:


"Bu cür hadisələr Azərbaycan diplomatiyasının imicinə ciddi xələl gətirir. Mən dəfələrlə demişəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində müxtəlif problemlər mövcuddur. Kadr seçimi düzgün aparılmır, buna nəzarət demək olar ki, yoxdur. Bu sahədə böhran çoxdandır ki, mövcuddur. Hesab edirəm ki, bu böhranın əsas səbəblərindən biri Xarici İşlər Nazirliyinin düzgün idarə olunmamasıdır. Nazirin bu sahədə düzgün iş görə bilməməsi artıq göz qabağındadır". 


Xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan dilində yaxşı danışa bilməməsi barədə səslənən iradlara da toxunan T.Zülfüqarov qeyd edib ki, Elmar Məmmədyarov Azərbaycan dilində yaxşı danışmağa hazırlıqlı olmalıdır:


"Əgər mən dili mükəmməl bilmirəmsə, o zaman çıxışdan qabağ hazırlıq görməliyəm. Ümumiyyətlə, orada iş üslubu zəifdir. Keçmiş baş nazir Artur Rasizadə də Azərbaycan dilində zəif danışırdı. Amma çıxışlar edəndə, ona hazırlaşırdı. Dili bilməmək qəbahət deyil, onu öyrənməmək qəbahətdir. Ən azından nazir də Azərbaycan dilində yaxşı danışa bilmək üçün nə isə öyrənə bilər. Məsələ orasındadır ki, onun iş üslubuna iradlar tutulur. Mən dəfələrlə Qarabağ məsələsilə bağlı tənqidlər səsləndirmişəm. Elmar Məmmədyarov Qarabağla bağlı lazımı səviyyədə iş görə bilmir, Azərbaycanın mövqeyini lazımı səviyyədə dünyaya çatdıra bilmir. Əvəzində Qarabağla bağlı ən tutarlı bəyanatları təkcə cənab Prezident səsləndirməli olur".


Zaur Hacılı
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top