"Din Azərbaycan cəmiyyəti üçün böyük təhlükəyə çevrilə bilər" - Fazil Mustafa

SOSİAL 19 noy 2018, 15:57

"Din insan həyatında vacib faktorlardan biridir. Bəzən bunu görməzdən gəlirlər, bunu əhəmiyyətsiz bir şey hesab edirlər. Amma doğru din anlayışı insanı müdrikləşdirir. Yanlış din anlayışı isə insanı vəhşiləşdirir, keyfiyyətsiz insana çevirir".

 

Demokrat.Az xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

"XXI əsrdə başqa adam olmalısan"

Onun sözlərinə görə, XXI əsrdə yaşayan insan əgər başını yarırsa, sinəsinə döyürsə, yaxud saqqalını uzadıb göstərirsə ki, VII əsrin adamıdır, həmin insanı o əsrə qaytarmaq lazımdır: "Çıx get o əsrə. XXI əsrdə başqa adam olmalısan axı! Bu əsrdə kimdir sənin geyiminin formasını soruşan? Allaha sənin qəlbinin forması, qəlbinin içində olan düşüncə, dünya görüşü, duyğular lazımdır. Yoxsa sənin geyimin kimin nəyinə lazımdır? Sənin başını kitab oxumağa qatmaq əvəzinə, yarmağın, daşa sürtməyin kimin nəyinə lazımdır?".

 

Fırıldaqçıların və dələduzların dini

 

Millət vəkili hesab edir ki, doğru dinin təbliğ edilməsi və öyrədilməsi vacibdir: "Azərbaycanda doğru din təbliğ olunmur, ənənəvi din təbliğ olunur. Ənənəvi din isə Şeyx Nəsrullahın, Molla Sadığın, Molla İbrahim-Xəlil Kimyagərin, fırıldaqçıların və dələduzların dinidir. Hətta hazırda buna rəsmi don geyindirilib bəzən cəmiyyətə çatdırılmağa çalışılır. Bu yanlış bir addımdır".

 

Mollalığı inkişaf etdirmək...

 

Adi bir mollalığı sinif kimi inkişaf etdirməyin əleyhinə olduğunu deyən F. Mustafa qeyd edib ki, bizə savadlı, ağıllı, Quranı təhlil edə bilən, cəmiyyətə doğru-dürüst yaşamı və mesajları ilə insanlarda yaxşı aura yaradan ilahiyyatçılar lazımdır: "Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması müsbət haldır. Orada yerli kadrların yetişməsi vacibdir. Elə adamlar var ki, xaricdə oxumaq imkanları yoxdur. Ancaq bu institut bizim üçün kifayət etmir. Nə baxımdan? Biliyini artırmaq istəyən insanlar təbii ki, Türkiyəyə, Səudiyyə Ərəbistanına və başqa ölkələrə də gedəcəklər. Heç bunu məhdudlaşdırmaq da lazım deyil. Sadəcə daha çox imkanı olmayan insanların burada dövlət hesabına təhsil alması yaxşı haldır. Öz kadrlarımızın, mütəxəssislərimizin yetişməsi müsbət haldır".

 

Mollalığın stimullaşdırılması tendensiyaları

 

Deputat bildirib: "Ancaq bir şeyi unutmamalıyıq ki, İlahiyyat İnstitutu molla yetişdirmək üçün nəzərdə tutulmuş institut deyil. Son vaxtlar bir az mollalığın stimullaşdırılması, imtiyazlı təbəqəyə yenidən çevrilməsi yanlış tendensiyadır. Hesab edirəm ki, dində sinif anlayışını aradan götürmək lazımdır. İnsanlar buna mənəvi borc kimi baxmalıdırlar. Mən əgər bir dini ayini yerinə yetirirəmsə, buradan pul qazanmaq üçün baxmamalıyam, onsuz da cəmiyyət onu yaşadır. Ancaq bu məsələ insanın özünə mənəvi borc kimi yüklənməlidir. Bizdə bunu artıq maaşlı, həddən artıq imtiyazlı bir təbəqəyə çevirəndə yobazlaşma daha çox genişlənəcək, dini saxtakarlıq daha çox artacaq. Bu da bir təhlükədir".

 

"Din Azərbaycan cəmiyyəti üçün böyük təhlükəyə çevrilə bilər"

 

Onun sözlərinə gröə, din Azərbaycan cəmiyyəti üçün həqiqətən böyük bir təhlükəyə çevrilə bilər: "Bunu Nardaran hadisələri və başqa sindromlar da göstərib. Bəlkə də bu istiqamətdə ən çox mübarizə aparan adamlardan biri kimi və ən çox təzyiqlə qarşılaşan adamlardan biri kimi görürəm ki, ən böyük təhlükə buna laqeyd qalan , özünü ziyalı adlandıran, bunu xalqın dəyəri kimi görən və anlamayan insan tipləridir. Ən zərərli budur. Hətta müxalif mövqedə olanlar bu sahədə zərərli tendensiyanın sahiblərini müdafiə etməyə başlayırlar. Anlamırlar ki, bunların yaratdığı gilyotinin, İŞİD zehniyyətinin, yaxud da məzhəbçi zehniyyətinin gələcəkdə kəndirinin altında bu adamların özləri birinci duracaqlar. Dünyəvi sistemin tərəfdarı olan insanlar duracaqlar. Hamımız üçün təhlükəlidir. Biz dini insanların vicdanında, evlərinin və məscidin içində saxlamalıyıq. Dini siyasətin içinə buraxmaq qədər təhlükəli bir şey yoxdur".

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top