Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gedir

HADİSƏ 17 noy 2018, 17:57

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq.


Demokrat.Az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.


Akif Təvəkküloğlu deyib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.


Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrliyin Qırğızıstandan Türkiyəyə təhvil verilməsi mərasimi keçiriləcək. 


İclasda TÜRKPA Katibliyinin illik fəaliyyəti, 2019-2020-ci illər üzrə strateji planın təsdiqi, qurumun hüquqi bazasının təkmilləşdirilməsi, təşkilati məsələlər və s. müzakirə olunacaq. Sessiyanın sonunda İzmir Bəyannaməsi imzalanacaq.


Qurumun 10 illik yubileyi ilə əlaqədar “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edəcək. Burada təşkilatın 10 illik yubileyi münasibətilə TÜRKPA Medalı ilə mükafatlandırma mərasimi də keçiriləcək.


Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top