“Türkiyə cəmiyyətində Atatürkə sayğı hər zaman qalacaq” - Fazil Mustafa

SİYASƏT 11 noy 2018, 21:29

Dünən Böyük Mistafa Kamal Atatürkün vəfatının 80-ci ildönümü bütün türk dünyasında qeyd edildi.

Bəs müasir türk dünyası Atatürk idyealarına, onun prinsip və düşüncə tərzinə yetərincə bağlıdırmı?

 

Demokrat.Az xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Atatürkün Türkiyə dövləti və cəmiyyəti üçün önəminin həddindən artıq böyük olduğunu vurğualamaqla yanaşı, Atatürkdən daha irəli getməyin zəruriliyinə toxundu:

“Türkiyənin xilaskarı  olan M.K.Atatürkün rolunun düzgün anlaşılması, düzgün qiymətləndirilməsi olduqca vacibdir. Texnologiya və informasiya bilgilərinin yetərli olmadığı bri zamanda bu qədər böyük uzaqgörənliklə dövlət modelini sağlam təməl üzərində qurmaq hər kəsə nəsib olmur. Amma Atatürk bunu bacarıb. O, türk cəmiyyətinin həm də mənəvi sistemini qurub. Bunun əhəmiyyətini dərk etmək olduqca vacibdir.

Bir sıra dövlətəlrin tarixində bu dövlətlərin həyatında mühüm rol oynayan böyük qəhrəmanlar olub. Məsələn, Corc Vaşinqtonun, Adamsın, Bencamin Franklinin Amerika cəmiyyəti üçün önəmi böyük olub. Lakin elə bir zaman gəlir çatır ki, cəmiyyətin və dövlətin inkişafı bu tarix şəxsiyyətlərin təkrarlanması üzərində qərar tutmur. Bu inkişaf cəmiyyətin yeni resurs və dəyərlərinin ortaya çıxması ilə baş verir. Bu dəyərə sayqı göstərilir. Eyni zamanda yeni inkişaf modeli üzərində düşünülür.

Türkiyə cəmiyyətində Atatürkə sayğı həmişə qalacaq. Lakin Türkiyə cəmiyyətinin inkişafının yalnız Atatürk deyimləri üzərində formalaşması bu gün o qədər də effektli olmaya bilər. Müasir dövrün öz tələbləri, öz deyimləri var. Atatürkün qurduğu sistem və düşüncə modeli əsasında türk cəmiyyəti inkiaşf edib, bundan faydalanıb. Türkiyə cəmiyyəti yeni bir dünyaya açılım üçün bəlkə də yeni Atatürk yetənəyində olan missiyanı reallaşdırmalıdır.

Bu gün Türkiyəyə Atatürkdən irəli gedən bir cəmiyyət lazımdır. Atatürkün qoyduğu miras faydalı bir mirasdır və cəmiyyət bundan yetərincə bəhrələndi. Türkiyəni dünya dövlətinə, daha böyük gücə çevirmək üçün Atatürkün başlatdığı missiyanı daha modern formada  davam etdirmək lazımdır.

Atatürk elədiyini edib. Onun qoyduğu miras üzərində Türkiyəni irəli apara biləcək yeni bir yanaşma ortaya qoymağa ehtiyac var. Əgər bu olarsa, Türkiyə cəmiyyəti daha böyük məsafələr qət edə bilər”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top