Azərbaycan futbolu - İki klan arasında...

İDMAN 08 noy 2018, 22:13

Ölkə futbolu son on ildə ən imkanlı dövrünü yaşasa da, bu imkanların dəyərləndirilməsi anarxik baş verdi. Hazırda çempionatı mənasız klublar "bəzəyir". Bu ad məhz ictimaiyyət tərəfindən verilib...

Məsələn, "Səbail" adlı klubun yaradılması və təqdimatını yaxşı xatırlayırıq. 2016-cı ildə yeni klubun yaradılmasında uşaq futboluna xüsusi diqqət, milli komanda üçün futbolçu yetişdirmək missiyası əsas tezis kimi göstərildi. Təqdimatı dəbdəbəli, prosesin gedişatı isə anarxik oldu. "Səbail" FK-nın futbolda vacibliyi, proseslərdə təsir gücü nə qədərdir, bilinmir. Mediada klubun iş məhsuldarlığı və keyfiyyəti haqda təqdimatlar yoxdur. Mətbuatla əməkdaşlıq, kommunikasiya yox həddindədir.  Ümumiyyətlə, büdcəsi 3+ manat olsa da, hələ də rəsmi saytı olmayan bir klub təsəvvür edin...

Uşaq futboluna fərqli qayğısı bir yana, əsas heyətə göz gözdirəndə bu klubun milliyə nə dərəcədə fayda bəxş edəcəyi şübhə altına düşür.

Yalan vədlərlə ərsəyə gətirilən klublardan daha biri...
Ən müxtəlif çeşid legionerləri cəlb edib, hədəfin nə olduğunu açıq ortaya qoymayan klubcığazın biri... Gətirilən hər legioner də kimlərçünsə böyük mənfəət mənbəyidir.

Bütün bunlar öz yerində, ən xoşagəlməz hal klubun idarə ierarxiyasındadır. Burada iki əsas nəfər söz sahibidir - Tamerlan Abdullayev və Ramin Həsənov. Birinci AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğludur, ikinci isə AFFA baş katibi Elxan Məmmədovun kadrı.

Məlum olsun ki, Elxan Məmmədovun da isteblişmentinə daxil olduğu AFFA-nın və SOCAR-ın vitse-prezidenti  Elşad Nəsirov klanı ilə Rövnəq Abdullayev klanı arasında illərdir davam edən soyuq müharibə hətta bu klubdakı proseslərdə də özünü büruzə verməkdədir.

"Səbail"in büdcəsi tamamilə neft pullarından formalaşır. Dövlətin və xalqın əmlakının doğru istifadə edilməsi və nəticələrin ictimaiyyətə şəffaflıqla açıqlanması vacibkən, bunların heç biri edilmir, əksinə, daxildə şəxsi maraqların intriqası dərinləşməkdədir.

Klubda əsas söz sahibinə çevrilməkçün tərəflər arasındakı zərərli rəqabət ən çox büdcəyə zərbə yetirir. Hansı ki, bu büdcənin formalaşmasında adı çəkilən rəhbərlərin heç birinin zərrə qədər faydası, qatqısı yoxdur. 

Bu klubun, belə klubların mövcudluğu kimə lazımdır?

Xalq arasında belə təəssürat formalaşdırılıb ki, guya hökumət tribunaların dolmasını istəmir, buna qarşıdır və s. Guya "Xəzər Lənkəran", "Bakı", "Zaqatala", "MKT Araz", "Karvan", "Kəpəz", "Turan" kimi tribuna baxımdan məhsuldar olan klubların iflası, səhnədən çəkilməsi də bilərəkdən edilən/istənən bir prosesdir. Bu ideologiyanın altşüurda təbliği məhz hazırkı AFFA rəhbərliyi, daha doğrusu, Nəsirov klanının cəhdidir.

Əslində isə ölkə futbolunda canlama, tribunaların dolub-daşması məhz dövlətin prosesə müdaxiləsindən sonra baş vermişdi.

Hökuməti pis imicdə, pis niyyətdə göstərmək, bu niyyət altında şəxsi maraqları, mənfəəti güdmək  təhlükəli oyundur. 

Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuların başında məhz bu amil durur. Dağılan klubların yüzminlərlə tərəfdarı bu işdə məhz dövləti, hökuməti təqsirli hesab edir. Bu da hazırkı AFFA rəhbərliyinin ciddi nöqsanıdır. Əslində isə proses tam başqadır.

Ölkə futboluna dövlətin göstərişiylə ayrılan dotasiyaları bir əldə cəmləmək istəyən klan illərdir o siyasəti yürüdür ki, müstəqil klublar, daha doğrusu, bu klana tabe olmayanlar sıradan çıxsın. Uzun illər davam edən proses son iki ildə təşəkkül tapdı və hazırda ölkə çempionatında "Qarabağ", "Qəbələ" və "Zirə"dən başqa (Son zamanlar da "Sabah"ın bu istiqamətdə ciddi cəhdləri müşahidə edilir) bütün klubların birbaşa və ya dolayısıyla məhz bu klana tabe olduğu məlumdur.

"Səbail" də bu sıradan olan, qısır klublardandı. Belə klubların futbola xidməti mümkün deyil. Ona görə də onlar  prosesləri dərindən izləməkçün medianı yaxın buraxmazlar. Məsələn, müstəqil klublar daim medianın onlara yaxın olmasında maraqlı olub, lakin qısır klublar hər vasitəylə buna mane olur.

Səbəb sizinçün də aydın olurmu?
Elə isə ölkə futbolunun bu cür idarə edilməsi hara aparacaq?

Hökumətin imicinə zərbə olan hazırkı idarəçiliyin futbola yanaşmasından tam imtina edilməlidir. Futbol idarəçiliyinə  bu sahədə real xidməti olanlar gətirilməlidir. Onlar tirbunalarla da dil taparlar, futbolun inkişafına, sərf olunan milyonların faydasını qaytarmağa da nail olarlar.

Necə ki, futbolun Fuad Musayev diktaturasından xilası məhz dövlətin müdaxiləsiylə mümkün oldu, eləcə də hazırkı futbol iqtidarından imtinaya, tam yeni, peşəkar və dürüst platformanın tətbiqi üçün də hökmətin/dövlətin müdaxiləsinə ehtiyac var. Bu, gec-tez baş verməlidir...

 

Elçin Cəlilov

(futbolpress.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top