"Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib" - YAP-çı deputat

SİYASƏT 08 noy 2018, 19:40

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli dövlətimizin xarici siyasətində başlıca yer tutur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Noyabrın 5-də Ağdam Muğam Mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev bu barədə dövlətimizin mövqeyini bir daha ifadə etdi”. 


Demokrat.Az xəbər verir ki, bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsini müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib.


S.Fətəliyeva bildirib ki,  Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq:


"Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. 

Digər tərəfdən, Ermənistan nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Tarixi reallıqlar və beynəlxalq hüquqi baza, eləcə də Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü bunu deməyə əsas verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdirdi. Bu reallıqlar Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini göstərdi. Bir daha aydın oldu ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək iqtidarındadır".


Deputat qeyd edib ki, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib: 


"Eyni zamanda, Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın dərinləşməsini şərtləndirib. Bu gün heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistanda mövcud iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər bədbin proqnozlar ifadə edirlər. Belə bir vəziyyətdə Ermənistan anlamalıdır ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın yeni rəhbərliyi reallıqları dərk edərək doğru nəticələr çıxarmalı, yəni əvvəlki hərbi xunta rejiminin yanlışlarını təkrar etməməlidir. Ermənistanın rəhbərliyi anlamalıdır ki, sülh prosesinə zərbə vurmağa hesablanmış mövqe və yanaşma ilə münaqişənin beynəlxalq hüquq normalarına əsasən  ədalətli həllinə mane ola bilməzlər”.

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top