"İndi sözümüzü cənab Prezidentə çatdıra bilmədiyimiz üçün telekanllarda bizə qadağa qoydururlar" - Tahir İmanovun QALMAQALLI MÜSAHİBƏSİ

MÜSAHİBƏ 04 noy 2018, 12:37

“2015-ci ilin may ayından bizə bütün telekanallarda qadağa qoyulub”.


Demokrat.Az xəbər verir ki, bu sözləri “Primetime”a müsahibəsində əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanov deyib.


Aktyor telekanalların onlara nə səbəbə qadağa qoyduğunu da açıqlayıb:


“Dövlət qurumlarını tənqid etmək olmaz. Bilirsiniz, qəribə olan odur ki, biz bu işlə 25 ildir məşğuluq. Təsəvvür edirsiniz? Bu, əsrin 1/4 hissəsidir. Bu tənqidləri ümummilli liderimiz Heydər Əliyev görüb, cənab prezidentimiz İlham Əliyev və ailəsi bizə baxıblar. Onlar bizim çıxışlarımızı bəyənib, alqışlayıblar. Həmçinin, dəfələrlə məmurlar görüb. Bir zamanlar bu tənqidləri həmin məmurlar qəbul edirdi, indi qadağa edirlər? Qadağa edirdinizsə, əvvəldən edərdiniz. Amma onda edə bilməzdilər. Çünki, Heydər Əliyev imkan verməzdi. Elə sonralar da, nə qədər ki sözümüzü cənab prezident İlham Əliyevə çatıra bilirdik, bizə mane ola bilmirdilər. Amma indi, əfsuslar olsun ki, sözümüzü cənab Prezidentimizə çatdıra bilmirik. Bundan istifadə edənlər bir düyməyə basıb, telekanalların rəhbərlərinə zəng edirlər və bizə qadağa qoydururlar. Görünür, məmurların hər hansı yollasa telekanalara müdaxiləsi mümkündür. KVN-ni ilk vaxtlardan Ümummilli Liderimiz dəstəkləyib, bizə xeyir-dua verib. Əsas məsələ odur ki, 25 ildir Azərbaycan dövlətinə xidmət edirik. Buna görə heç kimə minnət qoymamışıq, heç kimdən nəsə ummamışıq. Dövlətimizə, onun adına təmənnasız xidmət etmişik. Necə ki, bunu Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev edib. Biz özümüzü bu dahilərlə müqayisə etmirik. Amma bizi onlarla birləşdirən ortaq cəhət- dövlətimizə təmənnasız xidmət etməyimizdir. "Parni iz Baku " KVN komandasının 25 illik yubileyi haqqında heç bir telekanalın səsi çıxmadı. Elə bil biz tarixdə olmamışıq. Sizin sayt vasitəsilə onlara sual verirəm. Ayıb deyilmi? Sabah ölkə başçımız xəbər tutanda və bizim efirlərdən hara yox olduğumuzu soruşanda, yenidən bizi efirə qaytarmaq istəyəndə nə deyəcəksiniz? Üzümüzə necə baxacaqsınız? Azərbaycan KVN-nin rəmzi, "vizitkartı" olan Bəhram Bağırzadənin üzünə necə baxacaqsınız? XX-ci əsrin çempionları olan, erməniləri dizüstə çökdürən Cabir İmanovun, Azər Məmmədzadənin, Emil  Abbasovun, Tahir İmanovun - yəni mənim, üzümə necə baxacaqsınız? Bizi yandıran elə budur. Amma sabah bizə bir şey olsa, qəzaya düşsək, başımıza daş düşüb ölsək, hamı bizdən danışacaq. Bizim haqqımızda verilişlər hazırlanacaq. Deyəcəklərki, "biz onları çox sevirdik. Onlar dahi komanda idi. Tahir İmanov bizi düzgün başa düşmədi. Onlara heç bir qadağa qoyulmayib. Belə şey olmayıb və s.


Bu gün Azərbaycanın televiziya məkanında 3 istiqamətdə qadağa qoyulub. Ermənilərə, terroristlərə və bizə... Qoy, telekanallarımız camaatın başını savadsız maqazin verilişləri, səviyyəsiz teleseriallarla qatsınlar. Mən özümə diqqət istəyirəm. Mən sənət adamıyam. Efir sənət adamının, sənətkarın oksigenidir. Mən çox şey istəmirəm. Heç olmasa ilin 365 günündən bizə də, gün sərf etsinlər. Mən sizi inandırım ki, sabah ölkə başçısı bizim konsertimizə gəlsə, dərhal göstərəcəklər. -Deyəsən, televiziya rəhbərləri unudublar ki, biz bütün mövzulara ölkə başçısının tənqidlərindən sonra toxunuruq. Sadəcə,  prezidentin irad bildirdiyi məsələləri biz satira və yumorun dili ilə səhnələşdiririk”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top