Bəhruz Quliyev: "İlham Əliyevin Kəbədə etdiyi duaları qəbul olunub"

SİYASƏT 24 noy 2020, 22:54

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş Ağdama etdiyi səfər və orada çıxışı zamanı vurğulladığı və əməlində göstərdiyi   mühüm bir məqamın,  milli-mənəvi dəyərlərimizə sonsuz məhəbbətinin yəni dini nüansın üzərində dayanmaq, etdiyi jestlərin nə  qədər dərin məna kəsb etdiyini şərh etmək istərdim”.

 

Bunu “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məqama münasibətini açıqlayarkən deyib.


Onun sözlərinə görə, dövlət başçısının işğal altındakı torpaqlara səfər edib, müqəddəs bayrağımızı Ali Baş Komandan, Sərkərdə olaraq qaldırması özündə qalib Lider gerçəkliyini əks etdirməklə yanaşı, həm də milli-mənəvi dəyərləri, eləcə də İlahi sevgini, dinimizə olan rəğbət və ehtiramı sərgiləyir: “Cənab Prezidentin xanımı ilə birlikdə Ağdamın “Cümə” məscidini ziyarətləri zamanı onların məscidin divarını öpərək toz-torpaqlı, daş kəsəkli, hətta döşməsi olmayan ibadətgaha  daxil olmaları ilk növbədə milli-dini dəyərlərimizə göstərilən sonsuz sayğının, Allaha sevginin, ələlxüsus inam və imanın məntiqi nəticəsidir. Əbəs deyil ki, İlham Əliyev cənabları  məscidin qarşısında çıxışı zamanı dörd dəfə müqəddəs Məkkəni, dünya müsəlmanlarının qibləgahı olan Kəbə evini ziyarət etdiyini, bu evin içində dua etdiyini xatırlatdı. Bildirdi ki, o müqəddəs ocaqda bütün insanlarımızın istədiyi duaları  edib, Qarabağımızın işğaldan azad olunmasını Allahdan diləyib. Məhz bu gün Ağdamın “Cümə” məscidinə daxil olması və eyni zamanda, Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi də ibadətgaha hədiyyə etməsi Onun dualarının Rəbbimizin qatında qəbul olunduğunu  göstərdi”.


“Bu, həm də dünyaya olan bir mesaj idi – imanlı olmağın, sayğılı olmağın, bütün üstün, insani həm də İlahi  dəyərlərə rəğbətin ismarıcı”, deyə qeyd edən siyasi ekspertə görə, Cənab Prezident sübut etdi ki, düşmən onilliklər boyu müqəddəs yerlərimizi murdarlayıb, təhqirə məruz qoysa da, nəticədə aldığı ağır, rüsvayçı, rəzillik məğlubiyyəti ilə torpaqlarımızdan qovuldu”, - baş redakor şərh edib.


“Bəli, bu həm də İlahi ədalətin var olduğunu isbatlayan həqiqətdir. Siz bir daha cənab İlham Əliyevin xalqa müraciətləri zamanı Onun erməni işğalçılarının məscidlərimizi necə donuzxanalara, tövlələrə çevirdikləri barədə dediyi fikirlərini və bu fikirlərini səsləndirərkən qəzəbini xatırlayın”, deyə qeyd edən Bəhruz Quliyev bildirib ki, məhz həmin haqlı qəzəb artıq dövlət başçımızın simasında bütün xalqımızda, böyük türk dünyasında bir iman, ruhiyyət sevinci ilə əvəzlənib və sözsüz ki, Ali Baş Komandanımızın Ağdam məscidinə daxil olması, orada etdiyi duaları zamanı bizlər bütün bu məziyyətləri qalibiyyət simasında, zəfər gerçəkliyində müşahidə etdik: “Daha bir məqamı da vurğulamaq istərdim ki, biz həqiqətən də xoşbəxt və qalibiyyəti qazanmağı haqq edən, ədalətli mübarizəmizdən fərəh duyan xalqıq. Bizə bu səadəti, bu sevinci bəxş edən Prezidentimiz və xanımı dünyanın ən sadə, ən vətənpərvər, ən dövlətçi rəhbər şəxsiyyətləridirlər”.


“Bax, bu incə məqamları şərh edərkən daha bir detala toxunaraq demək istərdim ki, Ali Baş Komandanımız Ağdama və  digər  ərazilərimizə Ordusu ilə gəldiyini vurğuladı, bununla isbat etdi ki, o həqiqətən də yenilməz, müzəffər Sərkərdədir”, deyən baş redaktor onu da qeyd edib ki, dövlət başçımızın Ağdamı bir güllə belə atmadan azad edilməsini vurğulaması Onun özünün də dediyi kimi, çoxsaylı itkilərin qarşısını aldı: “Çünki cənab Prezidentimiz həm də özünün böyük humanizminin qələbəsini qazandı - əsgər və zabitlərimizin həyatlarını qorudu, mühafizə etdi. Əlbəttə ki, bütün bu nüanslar bir tarixdir və dövlətçilik, milli-mənəvi dəyərlər salnaməmizə qızıl  hərflərlə yazılacaq şanlı tariximiz – cənab Prezident İlham Əlliyevin və xalqının etdiyi dualarının həyata keçdiyi tariximiz!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top