​ABŞ İranın dünya bazarına neft çıxarmaq imkanını məhdudlaşdırdı

DÜNYA 01 noy 2018, 22:06

Noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp İranın dünya bazarına neft və neft məhsulları çıxarmasının qarşısını alan sanksiyanın müddətini uzatmaq haqqında sərəncam imzalayıb.


ABŞ Prezidenti Dövlət Departamentinə, maliyyə və energetika nazirliklərinə sərəncamın icrası ilə əlaqədar məktub göndərib və xüsusi tapşırıqlar verib.


D.Trampın məktubunda deyilir: “Dünyada kifayət qədər neft istehsal olunur və dünya bazarı İran nefti olmadan da keçinə bilər”. Məktubda, həmçinin qeyd olunur ki, bu sərəncam aparılan dərin təhlillərdən sonra verilib. Lakin məktubda Ağ Evin bu qərarının dünya bazarında neftin qiymətinə necə təsir göstərəcəyi qeyd olunmayıb.


İran mətbuatı yazır ki, sanksiyalara baxmayaraq, İran dünya bazarına neft çıxaracaq və onun alıcıları artıq sifarişlər veriblər. İranın dünya bazarına neft çıxarmaq imkanlarının məhdudlaşdırılması neftin qiymətinin yüksəlməsinə gətirib çıxaracaq ki, bu da bir çox dövlətlərin narazılığına səbəb olacaq. ABŞ isə bu narazılıqların qarşısını almaq üçün həmin dövlətlərə kömək etmək məcburiyyətində qalacaq, bu da onun iqtisadiyyatına mənfi təsir göstərəcək. ABŞ-ın böyük iqtisadi potensialı var və bir müddət bu yardımlarla neft idxal edən dövlətləri razı salacaq. Lakin perspektivdə ABŞ-a qarşı etirazlar artacaq. Çünki yardımların davamlı olması ABŞ büdcəsində kəsirin yaranmasına səbəb olacaq. Yəni, ABŞ İrana qarşı sanksiyalar tətbiq etməklə heç nə əldə edə bilməyəcək. Digər tərəfdən müttəfiqləri ilə münasibətləri daha da kəskin xarakter alacaq. Noyabrın 4-də yeni sanksiyalar da qüvvəyə minəcək. ABŞ-ın bu sanksiyalarla nə qazanıb, nə itirəcəyini isə zaman göstərəcək.


Hələlik isə İran və Avropa dövlətləri sanksiyalardan kənarda iqtisadi əməkdaşlığı davam etdirmək üçün yollar axtarırlar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top