"Hər kəs daha komfortlu şəraitdə yaşamaq arzusundadır" - Deputat

MARAQLI 01 noy 2018, 09:11

“Artıq ikinci dəfədir ki, bu ərazidən Milli Məclisə deputat seçilmişəm. Ona görə də ərazidə mövcud olan problemlər, sakinləri narahat edən məsələlər mənə tanışdır. Müraciətlər əsasən, sosial sahələri əhatə edir”.


Demokrat.Az xəbər verir ki, bu sözləri Azadinform-a “Deputatın hesabatı” layihəsi çərçivəsində 30 saylı Suraxanı birinci seçki dairəsindən seçilmiş millət vəkili Sevinc Fətəliyeva deputat seçilməsinin üç ili, bu müddətdə görülən işlər və qarşıda duran məsələlər haqda danışarkən deyib. 


S.Fətəliyeva bildirib ki, hansısa ərazinin abadlaşdırılması, yeni xidmət obyektlərinin tikilməsi arzusu ilə də müraciət edənlər olur: 


“Çalışıram ki, müraciət edən hər bir sakinin arzu və istəklərinin həyata keçməsi istiqamətində əlaqədar qurumlarla əməkdaşlıq sayəsində real nəticələr əldə edək”.


S.Fətəliyeva xatırladıb ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinidir, bununla bağlı, çox vaxt xarici səfərlərdə, tədbirlərdə iştirak edir: 


“Buna baxmayaraq, müntəzəm şəkildə sakinlərlə görüşlərimiz olur və onların müraciətlərinin hər birinə həssaslıqla yanaşılır. Əvvəllər sakinlər tərəfindən yazılı müraciətlər daha çox olurdu. İndi isə fərdi qaydada qəbulda iştirak edib, problemlər, onları narahat edən məsələlər barədə şəxsən dinlənilmələri üçün müraciət edirlər. Biz də onları qəbul edərək, çox zaman məsələlərin elə yerindəcə həllinə nail oluruq. Yerlərdə olmağıma gəlincə, müraciətlər əsasında, hansı ərazidə problem mövcuddursa, sakinlər və əlaqədar təşkilatlarla birlikdə əraziyə baxış keçirilir”.


Millət vəkili bildirib ki, deputat seçildiyi ərazidə səyyar görüşlərdə, rayon ərazisində təşkil olunan tədbirlərdə yaxından iştirak edir: 


“Daxil olan müraciətlər müxtəlifdir. Qeyd etdiyim kimi, müraciətlər arasında sosial məsələlər üstünlük təşkil edir. Hər bir kəs daha komfortlu, daha müasir bir əhatədə yaşamaq arzusundadır. Sakinlərin də əksərinin istəyi bundan ibarətdir. Dövlət başçısı İlham Əliyevin imzaladığı regionların sosial iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələr Suraxanı rayonunda yüksək səviyyədə həyata keçirilir. Buna baxmayaraq, müəyyən işlərin görülməsinə ehtiyac var. Evlərin sənədləşmə məsələləri, asfalt örtüyünün çəkilməsi, yeni, müasir tipli uşaq bağçalarının inşası, işlə təmin olunma və s. məsələlər var ki, bunlar sakinləri narahat edən məqamlardandır”.


Millət vəkili onu da vurğulayıb ki, bundan sonra da əsas işi seçicilərə xidmət etmək, həm Parlamentdə, həm də Yeni Azərbaycan Partiyasında beynəlxalq münasibətlər sahəsində fəaliyyətini davam etdirərək dövlətə xidmət etmək olacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top