"Bizim psixoloqlara çox ciddi ehtiyacımız var" — Deputat

SOSİAL 31 okt 2018, 16:40

"İndi Azərbaycanda psixoloji durumu pisləşən insanların sayı gündən-günə artır. Bizim psixoloqlara çox ciddi ehtiyacımız var".


"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, şair Tahir Rzayev bildirib. 


Deputat deyib ki, Parlamentə yeni təqdim olunan "Psixoloji yardım haqqında" qanun layihəsində psixoloji yardım alanlarla bərabər, yardım göstərənlərin vəzifələrinin, hüquqlarının və səlahiyyətlərinin ətraflı göstərilməsi yaxşı haldır:


"Bu imkan verir ki, gələcəkdə həmin qanun işlək bir sənədə çevrilsin. Təbii ki, bu qanunun qəbulu ilə bağlı müəyyən problemlər də aradan qaldırılacaq. İlk növbədə ixtisaslı, təcrübəli və bacarıqlı psixoloqların hazırlanmasına istiqamət verəcək. Açığı demək lazımdır ki, bu gün Azərbaycanda bacarıqlı və qabiliyyətli psixoloqların sayı çox azdır. Xüsusilə də bizim məktəblərin psixoloq kadrlarına böyük ehtiyacı var. Komitə sədri Əhliman Əmiraslanov da bildirib ki, məktəblərimizdə 3 min nəfər psixoloq çalışır. Amma bu qat-qat artıq olmalıdır".


T.Rzayev qeyd edib ki, Azərbaycanda psixoloqların həyat səviyyəsi və maddi vəziyyəti də yaxşı deyil:


"Əgər hər hansı məktəbdə çalışan psixoloqun aylıq əmək haqqı 150-190 manat təşkil edirsə, təbii ki, belə halda onlar heç cür keyfiyyətli yardım göstərə bilməz. Eləcə də bizim tibb müəssisələrimizdə bacarıqlı və təcrübəli psixoloqlara böyük ehtiyacımız var".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top