Qarabağa Bakı və Sumqayıtdan köçmüş ermənilər yerləşdirilir

GÜNDƏM 26 okt 2018, 11:32
30 ildə Xankəndində bəslənmiş daha bir separatçı məmur arın-arxayın şəkildə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milsin ermənilərin işğal altındakı əraziləri qaytarması zərurəti haqdakı son bəyanatını şərh edib. 
 
Moderator.az xəbər verir ki, işğal altındakı torpaqlarımızda Rusiya, ABŞ və Avropanın faktiki səyləri sayəsində qondarılmış və bu günədək açıq-gizli  himayə olunan separatçı rejimin ““parlament”inin vitse-spikeri” hesab edilən Vaqram Balayan adlı məxluq işğalçı ölkənin “168.am”  nəşrinə müsahibəsində  “Dağlıq Qarabağ ətrafındakı 6 rayonun sülhə dəyişdirilməsi” formulunun ermənilər üçün qəbuledilməz olduğunu vurğulayıb. V. Balayan Naxçıvana da iddia etməkdən çəkinmədən  sözügedən 6 rayon ərazisinin “tarixi erməni torpaqları” olduğunu və eyni zamanda, həm separatçı rejim, həm də Ermənistan üçün təhlükəsizlik və sabitlik qarantı təşkil etdiyini bildirib. Separatçı “vitse-spiker” məsələnin həllinin yalnız danışıqlarla mümkün olduğunu söyləsə də, həyasızcasına belə deyib:
 
 
 
”...Bütün bunları nəzərə alaraq biz yalnız bəyanatlarla deyil, praktik hərəkətlərimizlə də(yəni, qanunsuz məskunlaşdırma, tikinti, abadlaşdırma işləri və s.-S.L.) bütün dünyaya nümayiş etdirməliyik ki, azad edilmiş ərazilər(oxu: Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan rayonları-S.L.) Azərbaycana qaytarıla bilməz, alver predmeti ola bilməz. Və bu gün o torpaqlarda vaxtilə Sumqayıt və Bakıdan zorla deportasiya olunmuş(oxu: “KQB”, “SRU” və separatçı ermənilərin ssenariləşdirib təşkil etdiyi talanlar nəticəsində köçürülmüş-S.L.) minlərlə qaçqın erməni yaşayır...”
 
 
P.S. Biz bu gün Qarabağ ətrafındakı vəziyyəti Putinin, Lavrovun, yaxud Trampın, Boltonun Azərbaycan haqqında “isti” sözləri, “münaqişənin təmzimlənməsi” haqdakı bəyanatları, regiona gediş-gəlişləri ilə deyil,  torpaqlarımızın 30 ilə yaxındır ki, işğal altında saxlanması gerçəkliyi, həmin torpaqlarda real baş verənlər və istər Ermənistandakı, istərsə də Xankəndində  xarici güclər tərəfindən söz sahibi edilmiş erməni rəsmilərinin çıxışları əsasında dəyərləndirməliyik... 
 
 
Separatçı “vitse-spiker” etiraf edir ki, artıq işğal altındakı Azərbaycan ərazilərində Sumqayıt və Bakıdan köçmüş  minlərlə erməni yaşayır. Yenə deyəcəyik ki, yox, yalandı,”minlərlə” ola bilməz... Lap  1000 olsun... İkincisi də, bu, mümkün olan və çox təhlükəli gedişdir. Çünki əvvəla, neçə illərdir ki, Suriyadan, İraqdan qaçan yüzlərlə erməninin Qarabağda qanunsuz məskunlaşmasını təhlükə hesab ediriksə, Sumqayıt və İrəvandan köçmüş ermənilər yüz minlərlədir və onların xeyli hissəsi Rusiyaya-filana köçsə də, əksəriyyəti, Ermənistana, İrəvana sığınıb və informasiyalardan bəlli olur ki, çoxu hazırda yataqxana, köhnə və yarımtikili binalarda  çox ağır, miskin vəziyyətdə  yaşamaqla işğalçı dövlət üşün ciddi başağrısı yaradır. Odur ki, Ermənistan hökuməti qaçqınları Qarabağın məhsuldar torpaqlarına köçürməklə həm onları başından eləmək, həm də həmin torpaqların əlindən çıxmamasına “hüquqi” zəmanət yaratmaq istəyir. Sadəcə, buna iqtisadi  gücləri çatmır. Amma yenə də yerli və xarici xeyriyyə fondların, iş adamlarının dəstəyi ilə işğal altındakı Qubadlı, Laçın, Kəlbəcər, Zəngilanda və s. on-on, əlli-əlli evlər tikərək qaçqınları köçürürlər.  Bir sözlə, hazırda sözügedən 6 rayonda yaşayan ermənilərin əksəriyyəti Suriya-filan qaçqını yox, Sumqayıtdan, Bakıdan köçmüş ermənilərdir. Və təhlükəlisi odur ki, sabah Ermənistan Qərbin, ABŞ-ın dəstəyi ilə iqtisadi baxımdan dirçələrsə, həmin köçürmələr tədricən sürətlənə bilər.  Xatırladaq ki, hələ 2011-ci ildə İrəvanda Sumqayıt və Bakı Qaçqınları üçün Qarabağda qaçqın şəhəri salmaq ideyası səslənmişdi. Həmin vaxt  Azərbaycandan olan erməni qaçqınlarının üçüncü qurultayı zamanı Qubadlının Xanlıq kəndi yaxınlığında  “Baqaran” adlanacaq 100 min nəfərlik  yeni qaçqın şəhərinin layihəsi də  təqdim olunmuşdu. Görünür,  o vaxt Ermənistan və qondarma “DQR” rəhbərləri istər iqtisadi, istərsə də hərbi-siyasi gerçəkliyi yaxşı anladıqlarından bu  avantürist ideyaya qol qoymayıblar. Ancaq 2016-cı ildə jurnalistlərə müsahibəsində  “Azərbaycan SSR-dən Qaçqınlar Assambleyası”nın koordinatoru  Mariam Avakyan həmin layihənin maliyyələşməsi üçün vəsait tapmağın mümkün olduğunu vurğulayaraq demişdi:
 
 
“...“British Petroleum”-un erməni qaçqınları qarşısında götürdüyü öhdəliyə görə bizə 20 mlrd. dram borcu var. Ermənistandan kənarda uğurlar qazanmış qaçqınlar da kömək etməyə hazırdır. Özü də tikinti üçün tələb olunan vəsait o qədər də çox deyil.  Təxminən İrəvanın Şimal prospektinin salınması üçün xərclənmiş məbləğdə vəsait lazımdır. Biz dəfələrlə həm Ermənistan, həm Qarabağ rəhbərliyinə müraciət etmişik. Ancaq nəticə yoxdur...” 
 
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Ermənistanın indiki iqtisadi durumunda 100 minlik şəhər salmaq iddiası fantastik görünür. Ancaq bütün hallarda bilməliyik ki, işğalçı ölkə və onun xarici havadarları müsəlman Azərbaycanın torpaqlarını xristianlaşdırmaq üçün əllərindən gələni edəcəklər.... Yəni Azərbaycan dövləti bu saat torpaqları azad edə bilməsə də, ən azı, qanunsuz məskunlaşma məsələsinə  beynəlxalq səviyyədə ciddi təpki göstərməlidir...  
 
Yalnız onu demək kifayətdir ki, əgər  Qubadlının  haqqında bəhs etdiyimiz  Xanlıq kəndində 2014-cü ilin məlumatına görə, 200 erməni yaşayırdısa, 2018-ci ilin məlumatında onların sayı artıq 600 göstərilir... 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top