"Səngəri müqəddəs ziyarətgah hesab edirəm" – Murovdağdan MÜSAHİBƏ (FOTOLAR)

MÜSAHİBƏ 23 okt 2018, 12:22
Buludlar, burada xidmət aparan hərbçilərin yalnız ayaqları altında görünür... Burada xidmət aparan hərbçilər qoşunların təmas xəttinin ən yüksək nöqtəsində yerləşən bölmələrində silaha sarılıblar. Necə deyərlər, onlar Ana Vətənin keşiyini zirvədə dayanaraq çəkirlər... 

 

Ordu.az Murovdağ silsiləsində yerləşən postların birindən hazırladığı müsahibəni Sizə təqdim edir: 

Müsahibmiz çavuş Hacıyev Rəşaddır. O, 1986-ci il oktyabrın 25-də Göyçə mahalında doğulub. İki ildir ön cəbhədə xidmət aparan çavuş Hacıyev, hər döyüş növbəsinə çıxarkən doğulduğu torpaqları müşahidə altında saxlayır. O, ən uca zirvələrindən birində, bütün fəsilləri qışa bənzər hava şəraitində bir an olsun gözünü qırpmadan əlində silah şərəflə xidmət aparır. Onun günlük yaşamını sizlərə çatdırmağı qərara aldıq. 

- Çavuş Hacıyev, Azərbaycan Silahlı Qüvvələrinin ən yüksəklikdə yerləşən bölmələrində xidmət aparırsan. Özü də bu yüksəkliklərdən baxanda sənin doğulduğun torpaqlar müşahidə olunur. Hərbi qulluqçumuz bunları görəndə, hansı hisləri keçirir? 


- Öncə onu qeyd edim ki, biz burada bütöv Azərbaycanın keşiyində dayanmışıq. Mənim üçün Vətənimin hər bölgəsi doğmadır. Amalımız dövlətimizin ərazi bütövlüyünü təmin etməkdir. O ki, qaldı Göyçə mahalının buradan görünməsinə, əlbəttə, bu mülki insan baxışından fərqli olaraq bizi daha da hiddətləndirib silaha sarır, düşmənə olan nifrət hissimizi daha da artırır. Mən əminəm ki, bir gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezidentimizin uğurlu və qətiyyətli siyasəti nəticəsində o torpaqlarda Azərbaycan bayrağını dalğalandıracağıq. 

- Yoldaş çavuş, ümumilikdə hazırda dayandığımız yüksəkliklərdə xidmət aparmağın bir özəlliyi varmı? 

- Özünüz gördünüz ki, təminat baxımından buranın digər yerlərlə heç bir fərqi yoxdur. Düzünü etiraf edim ki, iki illik xidmət müddətimdə heç vaxt şəhər mərkəzlərində yerləşən hissələrdə xidmət etməmişəm. Ona görə də yalnız buradan danışacağam. Burada istər zabit, gizir, çavuş olsun, istərsə də əsgər, hamı biri-biri ilə qardaşdır. Bir ailə kimiyik... Bu halar isə bizi daha da güclü edir. Onu da qeyd edim ki, burada əlverişsiz çətin hava şəraiti belə bizim xidmətimizə heç bir təsir göstərmir. Bunu duşmən də yaxşı bilir. 

- Xidmətdən sonra nələrlə məşğul olursunuz?

- Xidmətdən sonra istirahət edirik. Bundan başqa bölməmizdə televizor, kitabxana və idman meydançası var. Hər kəs öz istədiyi qaydada boş vaxtlarını səmərəli keçirə bilir. Hətta əsgərlərlə stolüstü oyunlar (şahmat və dama) oynayırıq. Hərdən həmin oyunlar ciddi bir yarışa çevrilir. Yarışçılar arasında sağlam, ciddi və gərgin mübarizə başlayır. 

- Yeri gəlmişkən, düşmənə nisbətən daha yüksəklikdə yerləşir, onların bir çox bölmələrini müşahidə edirsiniz. Ümumilikdə xidmət səviyyəsini müqayisə etmək olarmı? 


- Onlar heç bir sahədə bizimlə ayaqlaşa bilməz. İstər müasir silah və texniki vasitələrin təhcizatı baxımından, istərsə də peşəkarlıq baxımından. Bir sözlə müqayisəyə belə gəlməzlər. 

- Məlumata görə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət öncə burada olub, əsgərlərlə görüşərək xeyli məsləhət və tövsiyələrini verib. Üstəlik bir çox hərbi qulluqçuya qiymətli hədiyyələr də verib. Hərbçi kimi Müdafiə nazirinin bura gəlməsi Sizə necə təsir bağışladı? 

- Cənab nazirin bura gəlməsi bizi daha da əzimkar etdi. O, burada bizim üçün yaradılan şəraitlə yaxından tanış oldu. Bəli, bizimlə söhbət edərək öz tövsiyələrini verdi. Bundan başqa, o, bizim mülki həyatdakı qayğılarımızla da maraqlandı. Həmin gün qürurverici gün idi. Hələ üstəlik o bizə xidmətdə fərqləndiyimizə görə qiymətli hədiyyələr də təqdim etdi. Onlardan biri də mən idim. Mən bir hərbçi kimi hər zaman çalışacağam ki, komandanlarımın ehtimadını doğruldum, onların əmr və göstərişlərini peşəkarlıqla yerinə yetirim. 

- Burada yay fəsli belə soyuq keçir. Maraqlıdır bəs qış necə olur? 

- Elə yerlər olur ki, qarın qalınlığı 10 metrdən hündür olur. Qısa müddətdə insanın qaşlarını dondurur (gülür...) Amma nə qədər soyuq olsa da bura Vətəndir. Vətəni hər halı ilə sevmək lazımdır. Digər baxımdan isə bölmələrimiz soyuqdan qorunmaq üçün bütün vasitələrlə - isti geyimlər və yanacaq növləri ilə təmin olunur. Bir sözlə, buranı gözəl edən dəlisov təbiətidir. Bura qarı, boranı, şaxtası, sırsırası ilə gözəldir... 

- Bəs, Ali Baş Komandanın döyüş əmrinə... (Sözümü kəsir) 


- Cənab Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyirik. Mən və tabeliyimdə olan bütün əsgərlər hər an, hər dəqiqə döyüşə hazırdır. Əminliklə deyə bilərəm ki, həmin döyüşlər başlayarsa, qısa müddət ərzində Azərbaycan Ordusu öz tarixi torpaqlarını işğaldan azad edəcək. Ata-baba yurdundan köçkün düşmüş soydaşlarımız yenidən öz doğma ocaqlarına qayıdacaq. O zaman biz hərbçilər də döyüş tapşırığını yerinə yetirdiyimiz üçün özümüzlə daha da fəxr edəcəyik. 

- Adəti üzrə son sualım belədir. Buradan gənclərə nə tövsiyə edirsən? 

- Bütöv Azərbaycan istəyi ilə yatıb, elə həmin istəklə oyansınlar!... Vətən səngərdən başlayır. Ona görə də mən səngəri müqəddəs ziyarətgah hesab edirəm. Buradan gənclərə tövsiyə edirəm ki, səngərə gəlməyə tələssinlər. Özü də hərbi biliklərə dərindən yiyələnmiş bir əsgər kimi... 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top