"Azərbaycanda mükəmməl seçki qanunvericiliyi və təcrübəsi mövcuddur" - Əli Hüseynli

MÜSAHİBƏ 22 okt 2018, 18:47

 Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin müsahibəsini təqdim edirik:

- Əli müəllim, 2000-ci illərin əvvəllərində parlamentdə ən çox dilə gətirilən məsələlərdən biri də parlamentdə prezidentin daimi nümayəndəliyi institutunun yaradılması, yəni, qanunların daha tez hazırlanıb müzakirələrə təqdim edilməsi, irad, təkliflərin daha tez nəzərə alınması baxımından, daimi nümayəndənin parlamentdə olması, əyləşməsi məsələsi idi. Necə hesab edirsiniz, bu məsələyə qayıdıla bilərmi, onun reallaşdırılması mümkündürmü?

- Sizin də söylədiyiniz kimi, belə bir təklif çoxdan səslənmişdi. O zaman buna ehtiyac görülməmişdi, indi də ehtiyac görmürük. Azərbaycan parlamentinin iş üslubu uzun illərdir formalaşıb və kifayət qədər effektivdir. Bu effektivliyin əsas səbəblərindən biri də Milli Məclisin digər qanunvericilik subyektləri ilə səmərəli əməkdaşlığıdır.

Qanunların böyük əksəriyyəti cənab prezident tərəfindən təqdim olunur. Parlamentdə çoxluq hakim partiyanın üzvləridir. Təcrübə və müzakirələr onu göstərir ki, hakim partiya üzvləri, belə demək mümkünsə, elə prezidentin nümayəndələri qismində çıxış edirlər. 

Prinsipial fundamental məsələlərlə bağlı isə qanunların ictimai müzakirəsi və yaxud komitə iclaslarında Prezident Administrasiyasının nümayəndəsi də ehtiyac olduqda iştirak edərək müzakirələrə qatılır. Bundan başqa, təkliflər, əlavələr və düzəlişlər qanunvericilik subyekti ilə bu halda Prezident Administrasiyası ilə razılaşdırılaraq edilə bilir. Yəni demək istəyirəm ki, xüsusi olaraq prezidentin daimi nümayəndəliyi institutunun yaradılması zərurəti mövcud deyil.

- Yeri gəlmişkən, cəmiyyətdə paradoksal bir vəziyyət, birmənalı olmayan yanaşma mövcuddur. İnsanlar həm bəzi qanunsuzluqlar, pozuntularla, hüquqpozmalarla bağlı, xüsusilə cərimələrin artırılmasının tərəfdarı kimi çıxış edirlər, bu məsələlər reallıqda həllini tapanda isə ondan, cərimələrin miqdarının çoxluğundan şikayətlənirlər. Bu məsələdə "qızıl orta” tapmaq mümkündürmü?

- Cərimələrin məqsədi fiziki və hüquqi, o cümlədən vəzifəli şəxsləri hər hansı bir hüquqpozmadan çəkindirməkdir. Bu baxımdan, cərimə məbləğini bu subyektlər tərəfindən onların ödəmə qabiliyyəti ilə müqayisə etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələdə qanunvericilik söylədiyiniz "qızıl orta”nı bir çox məsələlərdə müəyyən edib. Amma ictimai münasibətlərdən asılı olaraq, yeni yaranan hüquqpozmaların cərimə miqdarlarının artırılması ilə bağlı bəzən yeni təkliflər daxil olur.

- Komitəniz tərəfindən yaxın zamanlarda ictimai dinləmələrin keçirilməsi gözlənilirmi? Səhv etmiriksə, DYP  ilə birgə dinləmələrin keçirilməsi nəzərdə tutulurdu.

- Dövlət Yol Polisi - ümumiyyətlə, hüquq mühafizə orqanları millət vəkillərinin müraciətlərinə həmişə diqqətlə yanaşırlar. Dövlət Yol Polisi ilə bağlı qaldırılan məsələ işçi qaydasında sonradan həllini tapdı.

O ki qaldı qanunların ictimai müzakirəsinə, bu, artıq bizim həm də bir öhdəliyimizdir. Bunu "İctimai iştirakçılıq haqqında” qanun tələb edir. Yəni, cəmiyyət üçün maraq kəsb edən qanunlar və yaxud qanuna əlavə düzəlişlər ictimai müzakirəyə çıxarılmalıdır. Bununla bağlı yaxın günlərdə Milli Məclisin Nizamnaməsinə dəyişiklik komitəmizin müzakirəsinə çıxarılacaq. 

- Əli müəllim, qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsi baş verə bilərmi? Parlamentin payız plenar iclaslarından birində Siyavuş Novruzov bu barədə məsələ qaldırmışdı...

- Bilirsiniz ki, artıq 15 ildir Seçki Məcəlləsi qəbul olunub və ilk dövrlər milli seçki təcrübəsindən irəli gələn və beynəlxalq təşkilatların bir sıra tövsiyələrini nəzərə almaqla, məcəlləyə əlavələr və dəyişikliklər edilmişdi. Hazırda Azərbaycanda nəinki mükəmməl seçki qanunvericiliyi, həm də qabaqcıl seçki təcrübəsi mövcuddur. Bu baxımdan, Seçki Məcəlləsinə hər hansı bir ciddi dəyişikliyin edilməsi gözlənilmir. /// oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top