“Bütün düşmənlərimiz birləşsə, dilimizə bu qədər zərbə vura bilməzlər, özümüzünkülər vurur” - Xeyrəddin Qoca

SOSİAL 16 okt 2018, 11:58
“Səlis bilmədən hər hansı millətin dilində danışmaq isə həmin millətin dilinin “qol-qabırğasını” sındırmaqdır, açıq desək, həmin millət üçün təhqir sayılmalıdır”
 
Bunu sabiq millət vəkili, nasir Xeyrəddin Qoca deyib. Nasir bildirib ki, bu gün dilimizə efirlərimizdə xələl gətirirlər:
 
“Millətimizin hər hansı nümayəndəsinin dilimizi bilməməsini savadsızlıqdan başqa bir şey adlandırmaq olmaz. Öz ana dilini bilməyənlər başqa millətlərin dilini heç zaman səlis öyrənə bilməz. Səlis bilmədən hər hansı millətin dilində danışmaq isə həmin millətin dilinin “qol-qabırğasını” sındırmaqdır, açıq desək, həmin millət üçün təhqir sayılmalıdır. Yəni sənin danışığının, yazının bir qəpik dəyəri yoxdur. Dünyanın bir sıra ölkələrini gəzmişəm. Hələ görməmişəm ki, bir millət öz danışığına başqa millətin dilini qarışdırsın. Amma bizdə ağına-bozuna baxan yoxdur. Televiziyalarımızdakı reklamların doxsan faizini savadsız adamlar hazırlayırlar, bu, gün kimi aydındır. Onları efirlərə vermək isə xalqa hörmətsizlik sayılmalıdır. Reklam qısa və savadlı olmalıdır. Bizdə reklamlar küçə sözləri ilə doludur. Səviyyəsizlik açıq aydın görünür. 
 
Məsələn, “Ac olan özünü lap gic kimi aparırsan”. Yəqin belə reklamları hazırlayanlar özləri də gic və sərsəridir! Və ya “ac olan sən sən deyilsən”. Belə gülünc fikir olar? Bəzi müğənnilər həqiqətən dilimizi korlamaqla məşğuldurlar. Oxumaqlarına baxın: “Şəmə yandım”, və yaxud “Günü-gündən Həcinin yaxşılaşır ilhamı”. A kişilər, ağzınızı niyə əyirsiniz? “Şama yandım” və yaxud “Hacının” deyə bilməzsiniz? 
 
Televiziya aparıcılarının danışıqları Azərbaycan ədəbi dilində olmalıdır. “İndi baxacux”. Yerli dialektləri ədəbi dilimizə qarışdırmasanız olmaz? Məsələn, “Müasir aparatlar”, “müasir tələblər” nə deməkdir? Guya köhnə aparatlarla, köhnə tələblərlə işləməliydik? “Telefonun batareyası oturdu” yox, “telefonun batareyası bitdi” demək lazımdır. “Xosunbəy olana qədər gözlə” nə deməkdir? “Səni tikəm parça edərəm”! Elə bil, ət doğrayacaq zalım balası! Və yaxud “səni cıraram”. Adam kağızdır ki, cırasan? “Rəsmi distributor” əvəzinə “rəsmi nümayəndəlik”, “rəsmi ofis” demək olar. 
 
Hələ minlərlə belə sözlər işlədirlər, fikirlər işlədirlər ki, bu, dilimizə qarşı qəsd deməkdir. Bütün düşmənlərimiz birləşsə, dilimizə bu qədər zərbə vura bilməzlər, özümüzünkülər vurur!” (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top