Şeyx Əbdüldən ÇAĞIRIŞ: "Qoyun, balalarımız rus dilini öyrənsinlər"

SOSİAL 16 sen 2020, 13:59

“Mən ümumiyyətlə, dil bilməyin tərəfdarıyam. Bu millət nə qədər savadlı olsa, nə qədər çox dil bilsə, mədəniyyətimiz inkişafımız da o qədər genişlənər”.


Bu fikirləri “MediaPost”a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov son günlər rusdilli məktəblərin bağlanması ilə bağlı müzakirələrdən danışarkən deyib. O, dünya mədəniyyətinə inteqrasiya olunmaq üçün dil bilməyin vacib olduğunu söyləyib:


“Hələ də başa düşə bilmirəm ki, niyə insanlar dil öyrənməyə qarşı çıxırlar? Bunda pis nə var? Əsas odur ki, sən dəyərləri, millətini, soy-kökünü, əxlaqını itirməyəsən. Bu gün uşaqlarımız xarici ölkələrdə nə gözəl dil öyrənirlər, təhsil alırlar. Dar düşüncə ilə dünyaya açıla bilmərik. Millət dil bilməlidir.

 

İntellekt səviyyəsi, oxumaq mədəniyyəti olan adam hər yerdə fərqlənir, hər yerdə öz işini görür. Qalan söhbətlər hamısı bəhanədir. Pis oxuyan uşaq Azərbaycan dilini də pis oxuyur. Bu məsələni təkcə məktəb təhsili ilə qoymaq olmaz. Məktəb səviyyəsində təhsillə yanaşı, əlavə təhsil də lazımdır ki, uşaqlar dünya mədəniyyətinə çıxsınlar. Biz dünya mədəniyyətindən, dünya dillərindən təcrid oluna bilmərik. Bu çox gülməli şeydir, eybəcər bir haldır. Məgər rus məktəbində Azərbaycan dili keçmirlər ki? Burada söhbət təhsilin və o dərsi keçən müəllimlərin səviyyəsindən gedir. Dünənə kimi bağlı qapılar arxasında idik, bu gün dünyaya açılmışıq. Dil bilmədən heç bir iş görmək mümkün deyil, nöqtə”.


Xalq artisti rusdilli məktəblərin ləğvini müzakirə edən şəxslərə daha ciddi işlərlə məşğul olmağı tövsiyə edib: “Adını çəkməyə dilimə heyfim gəlir. “Erməni” adlı bir hay tayfası var. Yalandan özləri üçün millət, dövlət düzəldiblər. Hamısı bizim torpağımızın hesabına olub. Elə bir erməni yoxdur ki, sənin dilini bilməsin. Belə bir qayda var ki, gərək düşmənin də dilini biləsən. Qədimdə şumer babalarımız bir dil bilənə bir, iki dil bilənə iki pasport veribmiş. Əqidə, insanların intellektual səviyyəsi dəyişib. Dil bilmədən bu böyük dünyada yaşamaq mümkün deyil.


Mən o dilə qarşı çıxanların hamısına deyirəm ki, gedin daha ciddi işlərlə məşğul olun. Qoyun, balalarımız dil öyrənsinlər. Xahiş edirəm, onlar hamısı bir qazanın içərisində qaynamasınlar. O dünya getdi. Yalançı patriotizm, yersiz, mənasız guya milli filan bunlar hamısı boş-boş şeylərdir. Biz onsuz da milliyik, mənəviyyatlıyıq, min illərdir dünyaya böyük mədəniyyətlər təbliğ etmişik. İndi onları müqəddəs dəyər kimi qoruyub saxlamaq və dünya səviyyəsində inkişaf etdirmək lazımdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top