"Azərbaycanda rahat və daha ucuz istirahət edə bildiyim üçün xarici ölkələrə getmirəm" — Millət vəkili

MARAQLI 10 okt 2018, 18:26

"Xaricdə istirahət etmək daha çox vəsait tələb etdiyi üçün mən Azərbaycanın bölgələrində istirahət edirəm. Bu gün Azərbaycanda olan turizm heç də dünyanın digər yerlərindəki səviyyədən geri qalmır".


Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib. 


Deputat deyib ki, bu gün Azərbaycanın bütün yerlərinə rahat hərəkət etmək üçün çox gözəl yollar çəkilib:


"Bu gün Bakıdan Azərbaycanın ən ucqar yerinə 3-4, ən uzağı 5 saata çox rahat çatmaq olur. Təkcə bu amil turistlər üçün rahatçılıq, yaxşı istirahət etmək üçün xərcin az olması deməkdir. Başqa ölkələrə gedən zaman isə bütün bunlar mövcud olmur. Xaricdə hava limanlarında gözləmək, gedəcəyin yerdə qarşılaşacağın problemlər olur. Əlbəttə ki, bütün bunlar hər bir turistin qarşılaşacağı problemlərdir. Ancaq bu gün Azərbaycana gələn turistlər çox rahat və yüksək şəkildə istirahət edirlər. Ona görə də artıq xərc çəkib hər hansı xarici ölkəyə getməyə ehtiyac qalmır. Həmin ölkələrdə etdiyin istirahətdən daha ucuz və rahat öz ölkəmizdə istirahət edə bilirik".


Azərbaycanda qış turizimi üçün də dövlət tərəfindən yüksək səviyyədə imkanlar yaradıldığını vurğulayan İ.Məmmədov qeyd edib ki, ölkəmizdə bütün mövsümlərdə turistlər olur:


"Azərbaycanda bütün mövsümlərdə istirahət etmək üçün gələn turistlərə yüksək şərait yaradılıb, müasir və dünya standartlarına cavab verən otellər, qış turizm komkleksləri salınıb, təbii qidalanma, gəzinti təşkil olunur. Bundan başqa, Azərbaycanda müalicəvi turizm üçün də yüksək şərait yaradılıb. Cənab Prezidentin tapşırığı ilə ölkəmizdə turizmin inkişafına böyük diqqət və qayğı göstərilir. Bütün bunlar da imkan verir ki, Azərbaycan yaxın gələcəkdə regionun turizm dövlətinə çevrilsin". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top