İctimaiyyət nümayəndələri sürücülərin müdafiə olunması üçün Prezidentə müraciət etdi

HADİSƏ 06 okt 2018, 20:59

"Sürücülərin TəhsilinəYardım" QHT-nin prezidenti Fazil Məmmədov, ekspert Ərşad Hüseynov, "Azərbaycanda yol hərəkəti və nəqliyyat" Hərəkatının nümayəndələri Prezident İlham Əliyevə açıq məktubla müraciət ediblər. 


Demokrat.Az xəbər verir ki, müraciəti 300-dən çox vətəndaş imzalayıb. Onlar piyadalarla baş vermiş yol qəzalarında sürücülərin müdafiə olunmasını xahiş edirlər.


Bundan öncə fəallar prezidentə iki dəfə müraciət ediblər, Prezident Administrasiyasına məktub göndəriblər.


Müraciətdə bildirilir ki, 2016-cı ilin statistikasına görə, piyadalarla baş vermiş yol qəzalarının 93 %-də sürücülər günahkar sayılıb. 7 %-də məhkəmələr günahı piyadaların üzərinə qoyub.


2015-2017-ci illərdə Rusiya Federasiyasında məhkəmələr müəyyən ediblər ki, qəzaların 54 %-i piyadaların günahından, 42 % sürücülərin günahından, 4 % digər şəxslərin günahından baş verib.


Sürücülərin günahkar olması barədə Azərbaycan stereotipi piyadaların məsuliyyətsiz davranmasına səbəb olur, müasir yol hərəkəti mədəniyyətinin formalaşmasına mane olur. Hakimlər qərar çıxararkən bu yalan stereotipə əsaslanırlar, qanunu yalnış təfsir edirlər, halbuki, Konstitusiyanın 25-ci maddəsinə (bərabərlik hüququ) əsasən sürücülər və piyadalar məhkəmələrdə münaqişələrə baxılması zamanı bərabər hüquqlara malikdir.


"Lakin əgər piyada kolun arxasından çıxıb özünü avtomobilin altına atırsa, sürücü fizika qanunlarını ləğv edə bilməz və avtomobil ətalət üzrə hərəkətini davam etdirir. Müstəntiqlər bu amili nəzərə almalıdır", - açıq məktubda deyilir.


Belə hallar da olur ki, avtomobil dayanıb, hərəkət edən piyada avtomobillə toqquşur və xəsarət alır. Lakin günahkar hərəkətsiz dayanan avtomobilin sürücüsü olur və cərimə ödəyir, məktubda deyilir.

 

İctimaiyyət nümayəndələri prezidentdən sürücüləri müdafiə etməyi xahiş edirlər


Fazil Məmmədov Respublika Yol Polisi İdarəsinə idarə rəisinin birinci müavini polkovnik E.Kazımovun yanına çağırılıb. 


O, görülən müsbət işlər barədə ətraflı məlumat verib. Polkovnik açıq məktubla bağlı deyib ki, Yol Polisi yol hərəkəti qaydalarını dəyişməkdə və istintaq-məhkəmə orqanlarının işinə təsir göstərməkdə səlahiyyətli deyil.


F.Məmmədov hesab edir ki, açıq məktub Yol Polisinə yox, Ədliyyə Nazirliyinə göndərilməlidir, çünki qanunu müstəntiqlər və hakimlər təfsir edirlər, polis yox.


"Bizim qaldırdığımız məsələ açıq və həll olunmamış qalıb. Biz ikinci məktubu prezidentin adına göndərdik. Və məktubda bizi eşitmədiklərini anlatmağa çalışdıq. İkinci məktuba da cavab almadıq. Ona görə də prezidentə açıq məktubla müraciət etmək qərarına gəldik", - F.Məmmədov prezidentə müraciət etmələrinin səbəbini Turan-a izah edərkən deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top