"Uşaqları itirməkdən qorxuram" - Düşmən gülləsi altında dərs deyən müəllim

SOSİAL 05 okt 2018, 18:15

Düşmən gülləsinin bir addımlığında həm yaşamağa çalışır, həm də ağır yaşam şəraitində bildiklərini gələcək nəsillərə ötürür.

 

Demokrat.Az ARB TV-yə istinadən xəbər verir ki, Məleykə müəllim qoşunların qarşıdurma xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olan Ağdamın Orta Qərvənd kəndində yaşayır.

 

Ömrünün 40 ilini bu kəndin məktəbində çalışıb. Yaşadığı ev isə düşmən mövqelərinə ən yaxın ərazidə yerləşir. Düşmən evi açıq-aydın müşahidə edə bildiyi üçün 25 ildir bu həyətdə məclis qurulmur. İkinci mərtəbədə olan otaqlarda yaşamaq təhlükəli olduğundan, ailə anbar kimi nəzərdə tutulan otaqlarda məskunlaşmağa məcburdur. Bütün çətinliklərə rəğmən Məleykə müəllim nə burada yaşamaqdan, nə də bu həyatda müqəddəs saydığı peşəsindən vaz keçib. 

 

Məleykə Məhərova: "O əsəbi, gərgin vaxtda sinifə girmək, uşaqları ələ almaq, dərsi izah etmək və başa salmaq çətindir. Bir tərəfim evdə qalır. Gedən uşaqlardan nigaran oluram, görəsən, uşaqlar evinə salamat gedib çatdımı? Hamısı məsuliyyətdir. Öz nəvəm 3-cü sinifdə oxuyur. Aprel döyüşlərindən indiyədək əsəbdən müalicə olunur. Uşağı danışdırırdın, dinmirdi".

 

Müəllim tək öz ailəsi üçün yox, bütün sakinlər üçün narahatdır:

 

"Hər səhər məktəbə gedəndə hansısa şagirdi görməmək qorxusu ağlımı başımdan alır".

 

Ayaq Qərvənd kənd orta məktəbində iki kəndin balaca sakinləri təhsil alır. Burada çalışan 30-dan çox müəllimi uşaqların davamiyyətindən çox, onların taleyi narahat edir.

 

Həqiqət Əliyeva - Məktəbin direktoru: "Danışmaq istəmirdik, amma, çətindir. Şagirdi itirmək qorxusu hər an qəlbimizdədir. Uşağı yetişdirmişik, onunla söhbət eləmişik ki, əgər atışma olsa, bayıra çıxmaq olmaz. Uşaqlar bütün müəllimlərin, anaların qanadları altındadır burada. Gözləyirik, tam sakitlik olsa, valideyn gəlsə, aparır. Gəlməsə, özümüz yola salırıq.

 

Bütün çatışmazlıqlara və çətinliklərə rəğmən məktəbin 40-dan çox məzunu ali məktəblərdə təhsil alır.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top