"Mənim də, oğlumun da qanunsuz işlərlə heç bir əlaqəmiz yoxdur" - Eldar Sabiroğlu

SOSİAL 05 okt 2018, 14:15

Bir vaxtların alovlu YAP-çısı, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri, indi isə “arzuolunmaz adam”, məhbus atası Eldar Sabiroğlu ilə aktual məsələlərə dair qısa söhbəti təqdim edirik: 

- Eldar müəllim, oğlunuz Rüfətin vəziyyəti necədir, psixoloji təsirlər aradan qalxıbmı?…

– İndi bir qədər sakitlikdir. Ancaq xüsusi münasibətin olduğunu nəzərə alarıqsa hansısa bəhanə ilə təqib və işgəncə, həyatı üçün digər təhlükəli metodlardan istifadə edə bilərlər. Məsələn, “gecə həbsxanadan qaçmaq istərkən yanındakı kəsici soyuq silahla mühafizəçiyə hücum edərkən mühafizəçi özünü müdafiə məqsədilə atəş açaraq cinayətkarı zərərsizləşdirmişdir”… Və ya öyrədilmiş bir dustağın vasitəsilə də reallaşdıra bilərlər. Dediklərim ola bilsin primitiv görünsün. Ancaq peşəkarlar üçün daha mükəmməl “inandırıcı əsasların” tapılması problem deyil… Başqa yenilik yoxdur. Rüfət özünü təqsirsiz sayır. Bir anlığa təsəvvür edək ki, müstəntiq tamahını saxlaya bilməyib. Sual meydana çıxır: necə ola bilir ki, 4000 manata görə də 9 il iş kəsilir, 73 milyon dövlət vəsaitini mənimsəyənə də 9-10 il iş verilir!? Bir müddət keçir, “srok” 4 ilə endirilir… Necə başa düşək? Razılaşın ki, Rüfət qanunun yox, qisasın qurbanıdır…

Fəlsəfənin qızıl qanunu var: səbəbsiz nəticə olmur. Ölkədə “hazır nəticənin” tətbiqi adi hala çevrilib. Məsələn, müxtəlif uydurmalarla R.Səfərovu 6-7 ayın içində üç dəfə karsa saldılar. Orada da ağır işgəncələr veriblər. Axırıncı dəfə kamerada Rüfəti 4-5 əməliyyatçıya döydürdükdən sonra çarmıxa çəkdiriblər.

Rüfət heç bir cinayətə yol verməyib. Sadəcə qorxdular ki, dalı gələr. Bax düyün burdadır.

- Oğlunuzun ağır cəzalandırılmasını Sizin bəzi yazılarınızla əlaqələndirənlər də var. Nə dərəcədə doğrudur?

– Burda müəyyən həqiqət var. PA-nın rəhbərinə həsr etdiyim üç hissədən ibarət siyasi hekayəti yəqin xatırlayarsınız. Müstəntiq tələsdi və o da intiqamını aldı. Rüfətin Əli İnsanovu müdafiəsi də digər yandan bərk qıcıq yaratmışdı.

- Rüfətin bu gün hansısa siyasi mənsubiyyəti varmı? Sizi də müxalifətlə əlaqələndirirlər…

rufet-seferov1- Hərdən mən də eşidirəm ki, guya oğlumla birlikdə müxalifət partiyaları ilə bir yerdəyik. Belə niyyətimiz varsa, niyə gizlətməliydik ki! Uzun illər xidmət etdiyim iqtidar mənə bu amansız münasibəti sərgilədiyi zaman tənqid etdiyim müxalifət səsimizə səs verdi. Rüfətin günahsız həbsinə etirazlarını bildirdilər. Mudafiə Komitəsi yarandı. İşıqlı ziyalımız Eldəniz Quliyev öz təşəbbüsü ilə komitəyə rəhbərlik etməyə başladı. Halbuki, etməyə də bilərdilər və haqq da edərdilər… Hakimiyyətin nəzarətində olan bütün mətbuat üzümə qapalıdır. Sözümü bəs harda deməliyəm? Belə çıxır ki, həm təqib olunmalıyıq, həm də dinməzcə yerimizdə durmalıyıq. Harada yazılıb belə şey?! Vaxtilə müxalifədə olub Heydər Əliyevin və İlham Əliyevin ünvanına ən ədəbsiz söyüşləri söyənlər indi hakimiyyətin sağında-solunda dayanıblar. O sözlərdən bircəciyini biz dədə-bala dilimizə gətirsəydik, üstümüzə mazutu çoxdan töküb odu vurmuşdular. Elə söyüş və təhqirlər var ki, onları təkrar mətbuata çıxarmağa adam utanır.

Həqiqətən, o sözlərdən birini biz demiş olsaydıq, başımızı çoxdan yeyib üstümüzə də Qurd Qapısındakı naməlum qəbristanlığın torpağını töküb işimizi bitirərdilər. Ardınca da itkin düşmüş kimi beynəlxalq axtarışa verərdilər… Təsəvvür edirsinizmi, Heydər Əliyevə terror məqsədilə Türkiyədən killer gətirən adamlar bu gün onunla gülə-gülə gəzintiyə çıxırlar…

- Son çıxışlarınızla bağlı nəsə bir təzyiq hiss etdinizmi? Rüfətə bunun təsiri olmadı ki?

– Yox. Sakitlikdir. Mənim də, oğlumun da qanunsuz işlərlə heç bir əlaqəmiz yoxdur. Haram tikədə gözümüz qalmayıb. Bir qəzet köşkü qədər sahəm yoxdur ki, sabah ilişə bilsinlər. Çıxışlarıma gəldikdə, bir kobudluğa, təhqirə yol vermirəm. Sözümü normal qaydada çatdırmağa çalışıram. Əgər qarşılarına nəsə bir məqsəd qoyublarsa nə edə bilərəm buna?…

- Eldar müəllim, salam kəsdiyiniz, dostluq etdiyiniz insanlar olmamış deyil. Münasibətlər yenə qalırmı?

– Olub. İndi demək olar ki, yoxdular. Onları qınamıram. Kiçik bir ünsiyyət hər şeylərini vurub dağıdar. Bu, bizim cəmiyyət üçün xarekterik haldır. İnsanların şüurunu zəhərləyiblər. Mən artıq üç ilə yaxındır ki, dəniz bulvarına gəzintiyə çıxmıram. Rüfətin həbsindən təxminən iki həftə keçmişdi ki, bulvara getmişdim. Yaxın dostlardan biri qarşıdan gəlirdi. Birdən məni gördü və 180 dərəcə radius altında necə fırlandısa, az qala yıxılacaqdı. O gündən dəniz kənarı ilə də”dostluğumu” bitirdim. Bu iki dostun mənəvi faciəsi deyil. İnsanlığın faciəsidir. Qardaşı qardaşa düşmən edən sistemin bəlasıdır. Təzyiqlərə, qorxulara tab gətirməyib kişi qohumlarının bir-birinə düşmən kəsildiyini çox görmüşük. Lakin bacının bacıdan imtina etməsini və yazılı şəkildə bunu cəmiyyətə daşımasını eşitməmişdim. Vəziyyəti indi özünüz təsəvvür edin.

Azpolitika.İnfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top