“Vəziyyət ildən-ilə daha da yaxşılaşacaq” - Deputat Tahir Süleymanov

MARAQLI 04 okt 2018, 23:17

“Yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublika boyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür”.

Demokrat.Az xəbər verir ki, bunu millət vəkili Tahir Süleymanov yap.org saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb: “Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir”.

T.Süleymanovun sözlərinə görə, Milli Məclisdə aqrar sahə ilə bağlı, o cümlədən strateji məhsullar haqqında qanunlar qəbul edilib: “Eləcə də son illər dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar mühüm Fərman və sərəncamlar verilib. Bu sənədlər bəhs olunan sahənin davamlı inkişafının hüquqi bazasını təşkil edir.
Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəştlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da yaxşılaşacaq”.

DİGƏR XƏBƏRLƏR

Top