"Qüdrət Həsənquliyev Rus qoşunlarının Azərbaycana gəlməsini istəyir" — Araz Əlizadədən SENSASSİON AÇIQLAMALAR

SİYASƏT 03 okt 2018, 18:26

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə millət vəkili olan həmkarı Qüdrət Həsənquliyev haqqında qalmaqallı iddialar səsləndirib.


A.Əlizadə "Ölkə.Az"a açıqlamasında bildirib ki, Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycanda olan "5-ci kalon"unun ən fəal adamıdır:


"Ötən gün mənim Milli Məclisdə çıxış etmək fikrim yox idi. Sadəcə olaraq Qüdrət Həsənquliyev iclasda çıxış edərək köhnə valını işə saldı və bildirdi ki, Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır, Rusiyadan xahiş etməlidir və sairə. Onun bu çıxışı məni çox qıcıqlandırdı. Çünki Qüdrət Həsənquliyev oxşar çıxışı bu ilin prezident seçkiləri zamanı da edirdi. O zaman mən düşünürdüm ki, Qüdrət Həsənquliyev prezidentliyə namizəd olduğuna görə təbliğat üsulu kimi rusdilli əhalini özünə çəkmək üçün belə çıxışlar edir. Ancaq indi əmin oldum ki, Qüdrət Həsənquliyev özbaşına danışmır. Mən bilirəm ki, xaricdən Azərbaycanın qeyri-hökumət təşkilatlarına, xaricə səfərlər edən nümayəndələrimizə pullar verirlər. Əvəzində isə onlara tapşırıqlar veririlib ki, "əgər müharibə olsa, çoxlu insanlarımız həlak olacaq, Azərbaycan məğlub olacaq, Rusiya məsələyə müdaxilə edəcək və sairə" kimi təbliğatlar aparsınlar. Bu cür tapşırıqlar təkcə QHT rəhbərlərinə verilmir, bəzi siyasətçilər və millət vəkilləri ilə də işləyirlər. Nəticədə isə bu cür təbliğat çıxışları artıq Azərbaycanın Milli Məclisinin iclaslarında edilir. Ona görə də Nikol Paşinyan deyir ki, Azərbaycan Ermənistandan sülhü dilənir və cəsarətləri varsa, çıxıb müharibə etsinlər. Belə olan halda Azərbaycan Ermənistanla yumşaq davranmamalıdır. Bu gün Ali Baş Komandan cənab İlham Əliyev də, xalqımız da deyir ki, biz müharibəyə hazırıq. Çünki bizim güclü Milli Ordumuz var. Ancaq çox təəssüf ki, Qüdrət Həsənquliyev kimi bir deputat çıxıb deyir ki, Azərbaycan müharibə etsə, digər rayonları da itirə bilər. Bu insanlarımızda ruh düşkünlüyü yaratmaq üçün həyata keçirilən bir üsuldur. Mən dünənki iclasda spiker Oqtay Əsədovdan da xahiş etdim ki, belə söhbətlərin Milli Məclisdə edilməsinə imkan verməyin. Çünki mən Azərbaycanın Ali Baş Komandanına və xalqına inanıram. Biz mütləq qalib gələcəyik".


Araz Əlizadə deyib ki, Qüdrət Həsənquliyev diqqəti Rusiyanın üzərindən çəkmək üçün fikir yayındırmağa çalışır:


"Ötən gün Milli Məclisin iclasında mən ümumiyyətlə Türkiyədən danışmamışam. Əksinə, Rusiyanı ittiham etmişəm. Ancaq Qüdrət Həsənquliyev tez Türkiyənin adını ortaya ataraq yalandan elə görüntü yaradırdı ki, guya mən Azərbaycan-Türkiyə birliyinə qarşıyam. Mən hər zaman demişəm ki, Azərbaycan heç kəsdən asılı deyil, Azərbaycanın öz ordusu var. Hətta, bizim sələflərimizin dövründə indiki kimi güclü ordusu, gücü olmayıb. Ancaq bununla belə onlar düşmənə qarşı tam layiqli mübarizə aparıblar. Bu gün Azərbaycanın güclü ordusu və maliyyə imkanları var. Ancaq nədənsə biz gözləyirik ki, kimsə gəlib bizə sədəqəq verəcək, yardım edəcək və sairə".


Deputat ötən gün həmkarı Qüdrət Həsənquliyevlə sözügedən çıxışına görə Milli Məclisin dəhlizində söhbət də etdiyini söyləyib:


"Dünən Qüdrət Həsənquliyevə dəhlizdə yaxınlaşıb sual verdim ki, sən məni Rusiyanın adamı olmaqda ittiham edirsən, ancaq mən 1988-ci ildən siyasətdəyəm, indiyədək bir dəfə də olsun Rusiyanı müdafiə edən çıxış olub? Qüdrət Həsənquıliyev bir söz tapıb deyə bilmədi. Mən bir daha deyirəm ki, Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı "5-ci kalonu"dur. İz azdırmaq üçün də hər dəfə Türkiyənin adını ortaya atır. Halbuki, mənim Türkiyə ilə heç bir düşmənçiliyim yoxdur. Bu yaxınlarda Bakının azad olunmasının 100 illik yubileyi münasibətilə təşkil olunan paradda da iştirak etdim, sevindim, alqışlayıb çox müsbət qarşıladım. Bu çox yaxşı hərbi parad idi. İki ölkənin dostluğunun göstəricisi idi. Sadəcə olaraq, Qüdrət Həsənquliyev bu gün Rusiyanın adamı olmasını bilmir ki, necə gizlətsin. Sözü bitib, "dalay-dalay" deyir".


Araz Əlizadə bildirib ki, Qüdrət Həsənquliyev milli adam deyil:


"Çox acınacaqlı haldır ki, Milli Məclisdə bu cür adamlar təmsil olunur. Bunlar Azərbaycan xalqına və dövlətinə inanmır, xalqımızı aşağılayır. Bunlar Rusiyanın adamlarıdır. Bir misal çəkim, 1990-cı illərin əvvəllərində mən Boris Yeltsinə açıq məktub yazmışdım. Bu, Azərbaycan mətbuatında da dərc edilmişdi. Həmin məktubda qeyd edirdim ki, Boris Yeltsin, siz demokrat olduğunuzu sübut edə bilmədiyiniz üçün hakimiyyətdən getməlisiniz. Yeltsinə müraciətimdə qeyd edirdim ki, əgər siz doğrudan da demokratiyaya xidmət edirsizsə, o zaman öz xoşunuzla hakimiyyətdən gedin. Məgər bunu "Rusiyanın adamı" yazardı? Əlbəttə ki, yox! Bu yaxınlarda Rusiya Krımı işğal edəndə də mən bunu açıq şəkildə pisləmişəm. Bunu "Rusiyanın adamı" edər? Təbii ki, mümkün deyil. Amma eyni zamanda həmin Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin müavini kimi Boris Yeltsini və Rusiyanı "dost-qardaş" adlandırırdı. Halbuki, həmin Rusiya Xocalıda və digər ərazilərimizdə törədilən cinayətlərin bilavasitə iştirakçısı olub".


ASDP deyib ki, Qüdrət Həsənquliyev Azərbaycanın da Ermənistan kimi Rusiyanın forpostu olmağını istəyir:


"Bu gün Azərbaycanda Rusiyanı arzu edən adamlar var. Onlardan biri də Qüdrət Həsənquliyevdir. O, dəfələrlə bildirib ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalıyıq, Rus qoşunlarının Azərbaycana gəlməsinə icazə verməliyik və sairə. Mən bunu dövlətə qarşı böyük cinayət əməli hesab edirəm. Əgər biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olsaq və Rus qoşunlarına burada hərbi baza yerləşdirməyə icazə versək, bu, bizim müstəqilliyimiz üçün təhlükələr yaradacaq. Mən bütün bunları ifşa etdiyim üçün də Qüdrət Həsənquliyev mənə qarşı şər-böhtan çıxışlar edir. Ümumiyyətlə, onun sözü yoxdur, kimə gəldi şər atır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top