"Neft bahalaşır, qiymətlər düşmür" - Ekspert

İQTİSADİYYAT 03 okt 2018, 18:54
Azərbaycan neftinin qiyməti 86 dollara yaxınlaşır. 
 
Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşıb.
 
"Azeri LT CIF" markalı neftin qiyməti 85,94 dollar/barelə bərabər olub. 
 
Bu son 4 ildə rekord nəticə sayıla bilər. Lakin neftin qiymətləri artsa da, neft məhsullarının qiymətində heç bir enmə müşahidə olunmur.
 
Bunun səbəbi nədir?
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Toplum.TV-yə açıqlamasında bildirib ki, bu, Azərbaycanda daxili bazar xarici bazarla uzlaşdırılmaması ilə əlaqədardır:
 
 
"Yəni daxili bazar xarici bazardan təcrid olunmuş şəkildədir. Azərbaycan müstəqillik qazandığı vaxtdan bəri neft məhsulları bazarı ancaq öz daxilindəki, dövlətin qoyduğu tənzimləmə metodları ilə bazarda fəaliyyət göstərir. Baxmayaraq ki, biz sosializmdən kapitalizmə keçid etmişik, ancaq neft sektorunda istər topdansatış, istərsə də pərakəndə bazarda neft məhsullarında bu, özünü hələ ki əks etdirməyib. Yəni dövlət nəzarəti iqtisadiyyatın seqmentində hələ də qalmaqdadır. Ona görə də dünya bazarında qiymətlər artanda və ya aşağı düşəndə bu bizim bazardakı qiymətlərə təsir etmir. Bəzən bizdə qiymətlər 4-5 il dəyişmir, bəzən isə bir ildən bir dəyişir".
 
"Son illərdə belə bir hal olmayıb ki, qiymətin azaldığını görək"
 
İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki,  Azərbaycanda praktika bundan ibarətdir: "Qiymətlərin qalxması həmişə addım-addım müşahidə olunur, amma hər hansı bir ciddi qiymət endirimi, əsasən də, kommunal xərclərdə, yanacağın qiymətində qiymət endirimi müşahidə edilmir. Son illərdə belə bir hal olmayıb ki, qiymətin azaldığını görək". 
 
 
Ekspert bildirib ki, qiymətinin artması təbii ki, ölkəyə pozitiv təsir göstərir, valyuta gəlirləri artır: Ölkəmizdə bunun əksinin olacağını düşünürəm. Fikrimcə, neftin qiymətinin artması bir müddət sonra yanacağın qiymətinin qalxmasına səbəb olacaq. Hökumət bunu dünya bazarında gedən proseslərlə izah etməyə çalışacaq. İlk növbədə dizel yanacağının qiymətinin artmasını gözləyirəm. Bu ilin sonuna qədər ola bilər ki, dizel yanacağının qiymətində təqribən 20-25 %-lik artım müşahidə edək".(Toplum TV)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top