“Həmsədrlər ibtidai sinif müəllimi olmaq istiqamətində ciddi irəliləyiş əldə etdilər”

SOSİAL 01 okt 2018, 20:28

 ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü barədə yaydıqları bəyanat əvvəlkilərdən keyfiyyətinə görə fərqlənir.

 

Demokrat.Az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, ola bilər, həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi ilə uzun müddət məşğul olmadıqları üçün bəzi vərdişləri itir, bəzi məsələləri unudublar: “Həmsədrlər bəyanatı bir sutkadan çox gecikdirmə ilə yaydılar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentləri arasındakı görüşlərdən sonra ATƏT Minsk Qrupunun bəyanat yayması bu görüşlərin atributuna çevrilib. Bir sutkadan çox gecikmə haqlı olaraq sual yaratmalıdır. Yalnız prezidentlərin 2016-cı ilin iyununda Sankt-Peterburqda üçtərəfli görüşündən sonra həmsədrlər bəyanat yaymayıblar. Çünki o görüş RF prezidenti V.Putinin təkbaşına təşəbbüsü idi”. 

 

Bundan başqa politoloq deyib ki, bəyanatın quruluşunda, keyfiyyətində fərq var. Bəyanatın ümumi ruhu Dağlıq Qarabağ münaqişəsi regionunda son baş verənlərə uyğun deyil: “Xarici işlər nazirlərinin son görüşdən sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsində ciddi dəyişikliklər baş verib. Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində atəş açaraq Azərbaycanın döyüş postlarından birini dağıtmaları barədə rəsmən məlumat yaydı. Baş nazir N. Paşinyan 3-4 gündə Ermənistanın 3-4 Azərbaycan hərbçisini öldürdüyünü bildirdi və bunu bütün erməni mətbuatı yaydı. N. Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etdiyini açıqladı”.

 

M. Əhmədoğlu deyib ki, Ermənistan tərəfindən də itkilər var: “Ermənistanın Dağlıq Qarabağın statusunu müəyyən etməklə ATƏT Minsk Qrupunun rolunu sıfıra endirməklə bağlı günahı ilə tutaq ki, Azərbaycanın atəşkəs rejimini pozmaq günahını eyniləşdirmək normal düşüncəli insanlara xas deyil. Bunun üçün gərək erməni olasan. Qoşunların təmas xəttində və dövlət sərhədində hər iki tərəfin xeyli hərbi təlim keçirməsi fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin belə laqeydliyini yalnız psixoloqlar başa düşə bilərlər”. 

 

Politoloq hesab edir ki, əgər ATƏT-in Minsk Qrupu həmsədrləri son bəyanatında erməni olmaq istəməyiblərsə, psixoloqun qəbuluna düşmək üçün müraciət yazmayıblarsa, bu halda həmsədrlərin ibtidai sinif müəllim olmaq arzusunun yarandığını deyə bilərik: “Qarşısında oturan xarici işlər nazirləri birinci sinif şagirdləridir və Nyu-Yorkda hər cür şəraiti olan məktəb otağında həmsədrlər onlara dərs keçirlər.

 

Dağlıq Qarabağ tənzimlənməsinin yubanması indi ona gətirib çıxarıb ki, həmsədrlər özlərini rüsvay edirlər. Həmsədrlər tənzimlənməni nə qədər tez başa çatdırsalar özlərinə xeyirdir. Tənzimlənmədə çətinlikləri varsa, Azərbaycan ordusuna müraciət edə bilərlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top