Tarixçi alim "Qarabağ mitinqi"nə gələnlər HAQDA: "Sanki hamı tamaşaya baxmağa gəlmişdi"

HADİSƏ 29 sen 2018, 20:18

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bu gün Bakıda keçirilən "Qarabağ mitinqi" iştirakçılarını aşağılayan fikirlər səsləndirib. 


Demokrat.Az xəbər verir ki, tarixçi alim özünün feysbuk səhifəsində bu gün "Qarabağ mitinqi"nə gələn insanları "tamaşaçı" adlandırıb:


Fərhad Cabbarovun həmin fikirlərini oxuculara təqdim edirik:


"Bir işlə əlaqədar olaraq bu gün stadionun qarşısından keçəndə bəzi detallara fikir verdim. Mitinqə gələnlərin, adicə onu seyr edənlərin üzündə 30 il əvvəlki o ruh, o yanğı əsla hiss olunmurdu. Sanki hamı tamaşaya baxmağa gəlmişdi. Arada yersiz bir aşıq mahnısını çaldırdılar, elə təəssürat yarandı ki, palatka toyudu. İşimi bitirib geri dönərkən mitinqə təşkilatçı rəhbərlər gəlməyə başladı - bahalı maşınlarda, dəbli kostyumlarda, ətraflarında cangüdənləri".

 


Daha sonra alim qeyd edir:


"Acı təsadüfə bax. 30 il əvvəl də, 2018-də də Qarabağla bağlı mitinq keçirilir. 1988-də kim təsəvvürünə gətirə bilərdi ki, 30 ildən sonra bu problem nəinki həllini tapmayacaq, hətta həlli daha qəlizləşəcək? O zaman "Qarabağ bizimdir" şüarı ilə meydana çıxan millət bu gün "Qarabağa azadlıq", "İşğala son" deyirdi. Əslində 1988-1990-da Qarabağı qoruya bilmədiksə də, həmin mitinqlər millətimizə çox şey verdi. Bu günkü mitinq bizə nə verəcək, bilmirəm, amma gördüyüm müşahidələrimi bölüşmək istəyirəm. 1988 ilə fərqi bir daha hiss elədim: Bəxtiyar Vahabzadəni, Elçibəyi, Xəlil Rzanı, Ziya Bünyadovu göz önünə gətirdim: 30 il əvvəlki mitinqlərin əsas simaları və indikilər. Stadiondan bir qədər aralananda birdən meydanda Qədir Rüstəmovun ifasında "Qarabağ şikəstəsi" səsləndi. Sanki ağlayırdı Qədir Rüstəmov, onunla da birgə minlərlə şəhid olan, yaralanan, əsir düşən, yurdundan qovulan qarabağlı ağlayırdı. Ağlayırdılar ki, bu 30 ildə Qarabağ haqqında mitinqlərdə, yüksək kürsülərdə danışıldı, kimlərsə Qarabağ məsələsi ilə özlərinə siyasi karyera qurdu, varlandı, küçələrə, kafelərə Qarabağın adı verildi, amma qarabağlılar hələ də Qarabağsızdırlar... Deyirlər, ümid sonda ölür. Ümid edək".

 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top