“Elə vəziyyət yaranıb ki, evdə boşananlar televiziya verilişlərində yenidən “evlənirlər”” - Xeyrəddin Qoca

SOSİAL 29 sen 2018, 16:12
“Bütün televiziya verilişlərində bir-birinə bənzəyən çoxlu nüanslar var. Vay-şüvən, boşanmalar, itkin düşənlər, evini, ailəsini qoyub Rusiyaya qaçanlar, ölənlər, itənlər və s.”
 
Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, nasir Xeyrəddin Qoca deyib. X.Qoca bildirib ki, heç bir savadı olmayan adamlar efirlərdən insanlara dərs deməyə çalışırlar:
 
“Televiziyalar, radio kanalları pərpətöyün toxumu kimi çoxalıb. Şit, bayağı şaular, tok-şoular hamını xəstə elədi. Aparıcılar Azərbaycanda dilində danışa bilmir. Hələ də ekranda məşq edirlər ki, dili öyrənsinlər, alınmır. Elə aparıcı var, xeyli danışandan sonra tamaşaçı alayır ki, heç demə bu, azərbaycanca danışırmış. Mənasız, məzmunsuz, səviyyəsiz verilişlər bir-birini əvəz edir. Verilişlərin çoxunun formatı başqa ölkələrin televiziyalarının “kapirovkasıdır”. Öz həyatlarını düzgün qurmağı bacarmayan adamlar ekranlardan, efirlərdən xalqa “dərs deyirlər”. Birini tənqid etmək, aşağılamaq, xalqın gözündən salmaq lazım olanda küçədə günəbaxan tumu satanları da danışdırmaqdan utanmırlar! Bir də görürsən, iki və ya bir neçə kişi, qadın ekranda bir-birini tərifləyir. Adama deyərlər, bir-birinizi tərifləməyə yer tapmırsınız? 
 
Bütün televiziya verilişlərində bir-birinə bənzəyən çoxlu nüanslar var. Vay-şüvən, boşanmalar, itkin düşənlər, evini, ailəsini qoyub Rusiyaya qaçanlar, ölənlər, itənlər və s. Ailəsini burda qoyub, guya pul dalınca, çörək dalınca Rusiyaya gedənlər, gəncliyində orda min cür hoqqalardan çıxan, axırda tək-tənha qalan, səfil vəziyyətinə düşənlər belə verilişlərin qəhrəmanlarıdır. Görün, necə vəziyyət yaranıb ki, evdə boşananlar televiziya verilişlərində yenidən “evlənirlər”. Guya camaatdan abır-həya edirlər, guya verilişlərə çağırılan ekspertlərin nəsihətlərinə qulaq asırlar. Verilişlərin də çoxunun aparıcısı kim olsa yaxşıdı; ailəsi olmayanlar! 
 
Çox qəribədir, verilişlərə dəvət olunan ekspertlər, qonaqlar da bir-biri ilə mübahisə edirlər. Adam elə səhnələri görəndə xəcalət çəkir! Onları çağırırlar ki, camaata məsləhət versinlər, yol göstərsinlər, dəyərli sözlərini-söhbətlərini çatdırsınlar, onlar isə bir-biri ilə deyişirlər”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top