“Ermənilərin Azad Mirzəcanzadə kimi alimləri oslaydı...” - Sərdar Cəlaloğlu

SOSİAL 29 sen 2018, 12:26
Bu gün dünya şöhrətli Azərbaycan alimi Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyidir. 
 
Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən ADP sədri, çoxsaylı elmi-fəlsəfi nəzəriyyələrin müəllifi Sərdar Cəlaloğlu A.Mirzəcanzadə ilə bağlı maraqlı fikirlər səsləndirib:
 
“Azad Mirzəcanzadə Azərbaycanın dünya miqyasında ortaya çıxara biləcəyi 3-4 alimdən biridir. Təsəvvür edin ki, geologiya sahəsində “Mirzəcanzadə qanunları” deyilən qanunlar var ki, bu qanunlar bütün dünya geoloji sistemində istifadə olunur. O, yeganə adamdır ki, bir neçə sahə üzrə elmlər doktoru idi. Eyni zamanda, o, humanitar fənlərlə dəqiq elmlərin vəhdətini ortaya qoymuşdu. 
 
Onu şəxsən tanıyırdım. Onun elmə, mədəniyyətə olan münasibətini çox yaxşı bilirdim. Plagiatlıq, elmi oğurluq, qeyri-fundamental elmi tədqiqatlara bağlı o, vaxtiylə mənə xeyli narahatlığını bildirmişdi. Çox həssas bir alim idi. Istedadlı alimlərin üzə çıxmasına da çox cəhd edirdi. 
 
Təəssüf ki, siyasi baxışlarına görə o, iqtidar tərəfindən arxa planda saxlanıldı. Azərbaycan elm tarixində tutduğu mövqeyə uyğun olaraq lazımi qiymətini ala bilmədi. 
 
Ermənilərin belə bir alimi olsaydı, onlar bunu əllərində bayraq edib dünya elminin avanqardı olduqlarını bütün bəşəriyyətə çatdırardılar. Azərbaycanda isə elmə elə bir pis münasibət var ki, Azərbaycan elmini dünyada tanıdan alimlərin heç birini nə bizim cəmiyyətimiz tanıyır, nə də onları lazımınca dünyaya tanıda bilirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top