Yalana dayanan siyasət: BMT-nin 73-cü sessiyasının Paşinyan ləkəsi — TƏHLİL

TƏHLİL 28 sen 2018, 22:06

Dünya BMT Baş Assambleyasının 73-cü sessiyasının təsiri altından hələ də çıxmayıb. Orada böyük dövlətlərin liderlərinin söylədikləri fikirlərin analizi davam edir. Bununla yanaşı, bu cür yüksək səviyyəli bir təşkilat üçün üzqaralığı olan çıxışları da unutmaq olmaz. Onların sırasında birinci yerdə Ermənistanın yeni baş naziri Nikol Paşinyan dayanır.

 

Bu adamın tribunaya gedişi belə primitiv və küçə mədəniyyəti səviyyəsində idi. Söylədiyi fikirlər isə təsdiqlədi ki, siyasətçi kimi məntiqi də elə küçə səviyyəsindədir. Bütün dünyanın gözü qarşısında "erməni məxməri inqilabı"nın rəhbəri çoxlu yalanlar uydurdu və onu "siyasi məntiq şedevri" kimi təqdim etməyə çalışdı. Guya Ermənistanda dünya əhəmiyyətli hansısa proses gedir. Bu prosesi qorumaq üçün isə sizcə, kimin qarşısını almaq lazımdır? Əlbəttə, Azərbaycanın! Sən demə, Azərbaycan aqressor imiş, əzabkeş erməni xalqına qarşı soyqırımı törətməyə hazırlaşırmış! Öz adını başqasına qoymaq cəhdinin ismi pisdir. Lakin məsələyə müasir geosiyasi mənzərənin başqa aspektləri prizmasından yanaşıb, təhlil aparsaq, ibrətverici nəticələr ala bilərik. Məsələnin bu tərəfi üzərində geniş dayanmağa ehtiyac görürük.

 

Yalan aludəçisi: erməni baş nazirin məntiqsizliyi

 

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı bir daha təsdiq etdi ki, beynəlxalq münasibətlər sistemi ciddi problemlərlə üz-üzədir. Küçədən hakimiyyətə gəlmiş bir adam bütün dünyanın gözü qarşısında ağ yalanlar danışır və onu demokratiyanın əlaməti kimi təqdim etməyə çalışır. N.Paşinyan o qədər arsız psixoloji vəziyyətdədir ki, adi həqiqətləri belə özünün çürük məntiqi ilə tamamilə yanlış formada dünya ictimaiyyətinə sırımağa çalışır. Və bu səhnəni dünyanın aparıcı dövlətlərinin siyasətçiləri, peşəkar diplomatlar sakitcə müşahidə edirlər. Bu nədir, dünya məsuliyyəti və ədaləti tamamiləmi itirib?

Baxın, N.Paşinyan BMT-dəki çıxışında Ermənistanın xarici siyasətinin məzmunu və məqsədi, Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi və özünün siyasi kimliyi barədə 15 dəqiqə ərzində insanların vaxtını alıb. Ermənistanı bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazır dövlət kimi təqdim etməyə çalışıb. Əslində isə bu kvaziölkə təcavüzkarlığına görə heç bir regional əməkdaşlıq layihəsində iştirak edə bilmir. İrəvana dəfələrlə deyilib ki, işğal etdiyi ərazilərdən çəkilsin, sonra əməkdaşlıq məsələsinə baxmaq olar. Ermənistan rəhbərliyi isə nə bu təklifə, nə də BMT də daxil olmaqla beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin tələblərinə əməl etməyib. Onun əməl etdiyi bircə şey var – Azərbaycanın torpaqlarını işğal altında saxlamaq.

Budurmu, hər kəslə əməkdaşlığa hazır olan "demokratik dövlət"? İndi Ermənistan adlanan ərazilərdən milyonlarla azərbaycanlını deportasiya edən, günahsız insanları qətlə yetirən, Dağlıq Qarabağın hər guşəsində öz havadarlarının böyük yardımı ilə soyqırımı törədən, Xocalıdakı dinc insanların, qocaların, qadınların və uşaqların ah-naləsinin günahlarını hələ də çiynində daşıyan qondarma bir ölkəmi dünya ilə əməkdaşlığa hazırdır? Bu cür həyasızlığın məsuliyyətini erməni separatçıları və siyasi terrorçuları ilə yanaşı, Azərbaycan torpaqlarında erməni dövləti yaradan havadarlar da daşıyırlar. Məhz onların icazəsi və hazırlığı ilə indi bir küçə ermənisi BMT tribunasından bütün dünyaya ağ yalanlar sırıyır.

O, faktiki olaraq etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Çünki açıq deyir ki, Azərbaycan danışıqlarda əldə olunan razılıqlara əməl etmir, onun məqsədi Dağlıq Qarabağı ermənilərdən "təmizləməkdir". "Arqument" kimi də Azərbaycan rəhbərliyinin "Dağlıq Qarabağla danışmaq istəməməsi" göstərilir. Münaqişənin tarixçəsi və məzmunu ilə az-çox tanış olan hər bir insan üçün bundan böyük yalan və iftira ola bilməz. Ən önəmlisi isə odur ki, bu adam problemin nəticəsini əvvəlcədən mövcud olan reallıq kimi təqdim etməyə çalışaraq, bütün prosesi onun üzərində qurmağa cəhd edir.

Nəticə Ermənistanın havadarlarının yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda soyqırımı törətməsi və Dağlıq Qarabağın aborigen əhalisi olan azərbaycanlıları oradan qovmasıdır. N.Paşinyan sadəlövhcəsinə bu mənzərəni əbədi mövcud reallıq kimi göstərməyə çalışır. Və bu vəziyyəti dəyişməyə çalışanı isə "antidemokrat", "ermənilərə qarşı soyqırımı etmək istəyən" və s. kimi xarakterizə etməyə cəhd göstərir.

 

Azərbaycanın uğurları: kimlərə dərd olub?

 

Ancaq Nikol Paşinyan unudur ki, heç kəs axmaq deyil. Əgər bu yalanları və məntiqi ziddiyyətləri eşidib susan varsa, deməli, ədalətsizlik edir və ya ikili standartlar siyasəti güdür. Ermənistanın yeni baş naziri onu da unudur ki, ölkəsinin işğalçı ordusunun işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə ziddir.

Bəli, bu, bir həqiqətdir. Buradan avtomatik bir nəticə də hasil olur: Əgər bu gün Paşinyanın belə hərəkətlərinə BMT və onun mandat verib, Qarabağ probleminin həlli ilə bağlı vəzifələndirdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmasa, bu cür hadisəyə hüquqi qiymət verilməsə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaqlar?! Heç olmasa nə qədər gec deyil BMT onsuz da özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun.

Doğrudur, əslində, N.Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır. Eyni zamanda, o da həqiqətdir ki, beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi dünya siyasətindəki ikili standartlar və islamofobiya mərkəzlərinin Ermənistana dəstəyi ilə bağlıdır. Məhz bu kontekstdə biz BMT və ATƏT-in Minsk qrupu həmsədrlərinin erməni liderin təlxəkliyinə siyasi qiymət verməsinin zəruri olduğunu ifadə edirik.

Əks halda, beynəlxalq hüququn işləməsi və BMT Nizamnaməsinin maddələrinin yerinə yetirilməsi baxımından çox acınacaqlı vəziyyət yaranır. Belə çıxır ki, BMT kimi bütün dünya dövlətlərinin suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin keşiyində durmalı olan bir nüfuzlu təşkilat da ikili standartlara uyub?! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə görəvli olan həmsədr dövlətlər də ermənilərə havadarlıq edirlər?

Axı, ABŞ özünü dünyada demokratiya və hüququn qoruyucusu kimi təqdim edir. Ədalətdən, əməkdaşlıqdan, dialoqdan dəm vurur! Fransa özünü demokratiyanın böyük daşıyıcısı sayır. Rusiya Azərbaycanın dostu olduğunu və onunla əməkdaşlıqda səmimiliyini dönə-dönə ifadə edir?! Nə oldu, BMT tribunasından yalanlar yağdıran Ermənistanın baş nazirinə həqiqəti demək istəmirlər? Bilmirik, çox güman ki, elə bir ciddi şey deməyəcəklər. Ancaq bir reallıq da var. Kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq, Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək və o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri və resursları səfərbər edir.

Prezident İlham Əliyev müstəqil dövlətçiliyi Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasına tam uyğun olaraq davam etdirir və əldə edilən nailiyyətlər göz qabağındadır. Azərbaycan indi bütün dünyanın hörmətlə yanaşdığı və sürətlə inkişaf edən suveren dövlətdir. Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək görərik ki, işğalçı ölkənin baş nazirini isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır.

Bizcə N.Paşinyan və ona gizli dəstək verən bir sıra dairələri özündən çıxarıb, isterik və epileptik duruma salan başlıca məsələ də elə bundan ibrətdir. Onlar görürlər ki, Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, demokratik idarəetmə mexanizmləri günü-günüdən yeni zirvələrə yüksəlir. Azərbaycan Ordusu hazırda Cənubi Qafqazın ən güclü ordusu halına gəlib. İşğalçı bundan çox qorxur. Ona görə də bir tərəfdən havadarlarına yalvarır, digər tərəfdən qondarma arqumentlərlə beynəlxalq təşkilatlarda vəziyyətin təhrif olunan obrazını ortaya qoymaq istəyir. Ermənistan ordusunun hər şeyə qadir olduğundan dəm vuran N.Paşinyan, eyni zamanda, "amandır, Azərbaycanı hərbi əməliyyatlar keçirməyə qoymayın", deyə fəğan edir. Əgər belə güclüsənsə, niyə ona-buna yalvarırsan?

Beləliklə, N.Paşinyanın BMT-nin son sessiyasındakı sayıqlamaları bir daha göstərdi ki, bu cırtdan ölkənin xarici siyasəti tamamilə darmadağın olub, heç bir sistemlilik və sağlam məntiqi yoxdur. Rəsmi İrəvan tamamilə əmin olub ki, Azərbaycan yaxın zamanlarda siyasi, diplomatik, iqtisadi, hüquqi və hərbi olaraq işğalçını əzəcək. Onu öz tarixi torpaqlarından qovacaq və ərazi bütövlüyünü təmin edəcək. Bu səbəbdən də yalnız yalanlara əsaslanan sərsəm bəyanatlar verir. Ermənistan hər cəhətdən tükənib və ən başlıcası layiqli lider yetişdirmək potensialını tamamilə itirib. N.Paşinyan BMT-nin 73-cü sessiyasındakı 15 dəqiqəlik çıxışı ilə bu tezisi tam təsdiq etdi!

 

Newtimes.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top